Elşad Musayev: “İrəvan buna getməklə odla oynayır”
Məlum olduğu kimi, yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında imzalanan xartiya ciddi müzakirələrə səbəb olub. Hətta Ermənistanda belə, buna birmənalı yanaşma yoxdur.
Digər tərəfdən, Krımın işğalından qabaq 2008-ci ilin 19 dekabrında ABŞ ilə Ukrayna arasında, 2009-cu ilin 10 yanvarında isə Gürcüstanla strateji tərəfdaşlıq haqda sənəd imzalanmışdı. 2021-ci ilin 10 noyabrında ABŞ Ukrayna ilə strateji tərəfdaşlığını yeniləyərək daha da möhkəmləndirdi. Bu sənəd də Abxaziya və Cənubi Osetiya regionu kimi nə Krımın geri qaytarılmasına kömək etdi, nə də yeni işğalın qarşısını aldı. Baxmayaraq ki, bu ölkələrin dənizə çıxışı var idi. O baxımdan bunlara bənzər bir anlaşmanın Ermənistanla imzalanması nəyisə dəyişə biləcəkmi?
“Ermənistan kimi çırtdan dövlətin ABŞ-la strateji tərəfdaşlığının perspektivdə hansısa...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayevin fikrincə, bu, Ermənistanın xeyrinə nəyisə dəyişə bilməyəcək: “Bəlli olduğu kimi, Vaşinqtonda ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. Bunu da bu ölkələrin xarici işlər nazirləri Blinkenlə Mirzoyan imzaladılar. Aydın görünür ki, Bayden hakimiyyəti hakimiyyətdən getmə ərəfəsində olsa belə, erməni lobbisi qarşısında öz missiyalarını yerinə yetirmək istəyir. Ancaq istənilən halda, region ölkələrində imzalanan sənədə fərqli münasibət var. Münasibətin bir qismi ondan ibarətdir ki, Birləşmiş Ştatlar Ermənistanda yerləşmək və Rusiyanı oradan sıxışdırmaq istəyir. Bu isə artıq yeni bir şərait yaradır. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu, həm də Bayden komandasının istəyidir. Trampın nə istəyəcəyi bəlli deyil. Bunu öyrənmək və hesablamaq lazımdır. Aydın görünür ki, Tramp hakimiyyəti Ermənistan kimi kiçik dövlətlərlə məşğul olmaq fikrində deyil. Əsasən ABŞ daxilində vəziyyəti tənzimləməyə çalışır. Eyni zamanda Kanada kimi böyük ölkəni, Qrenlandiya adasını və Panamanı öz nəzarətinə keçirmək istəyir. Həmçinin regionda Türkiyə və Azərbaycanla münasibətləri yüksək səviyyəyə çatdırmaq istəyir. Kimsə fikirləşməsin ki, xartiyadan sonra ABŞ bütün diqqətini Ermənistana yönəldəcək. Respublikaçılar Partiyasının hakimiyyəti dövründə Ermənistana xüsusi diqqətin olacağını düşünmürəm. Onların siyasəti fərqli olacaq. Başqa bir tərəfdən, Ermənistan bölgədəki güc maraqlarını nəzərə almayıb. Nəzərə almaq lazımdır ki, Rusiya, Türkiyə və İranın fərqli maraqları var. O cümlədən, Gürcüstan və Azərbaycanın fərqli maraqları var. O baxımdan Ermənistan kimi çırtdan dövlətin ABŞ-la strateji tərəfdaşlığının perspektivdə hansısa böyük nəticə verəcəyinə inanmıram. O üzdən, İrəvan buna getməklə odla oynayır. Yeni dünya düzəninin qurulması ərəfəsində aydın görünür ki, Ermənistan çabalayır. Bunun elə bir əhəmiyyəti olmayacaq. Nəticədə bununla bağlı illüziyalar özünü doğrultmayacaq”.
Vidadi ORDAHALLI