Eltun Süleymanov: "Azərbaycan-Gürcüstan dostluğu qonşuluq münasibətlərinə bir nümunədir"
Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin qədim və zəngin keçmişi var. Tarixin ən ağır sınaqlarından çıxan bu əlaqələr mərhələ-mərhələ inkişaf edib, genişlənib və hər dəfə yeni mahiyyət kəsb edib. İstər 1918-1920-ci illərdə, istər sovet dövründə Azərbaycan və gürcü xalqları arasında əlaqələr daha da genişlənib. Azərbaycan və Gürcüstan dövlət müstəqilliklərini bərpa etdikdən sonra isə Cənubi Qafqazın bu iki ölkəsi arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Öncə qeyd edək ki, yüz minlərlə azərbaycanlı Gürcüstanda yaşayır. Odur ki, bu ölkədə ictimai-siyasi sabitliyin mövcud olması Azərbaycan üçün vacibdir. Dövlət müstəqilliyinin bərpasının ilkin çağlarında Gürcüstanda baş qaldırmış mənfi meyillərin, siyasi qarşıdurmaların, o cümlədən millətçilik çağırışlarının yerli azərbaycanlıları təhdid etməsi insanların yaddaşındadır. Odur ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri də Gürcüstanla əlaqələrin yeni məcrada inkişaf etdirilməsi, o cümlədən bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti oldu. Azərbaycan dövlətinin xarici və daxili siyasətində milli mənafeləri təmin edən strategiyanın həyata keçirilməsi tezliklə özünü göstərməyə başladı.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Regionda iqtisadi liderliyini təmin edən Azərbaycan həm də sərmayədar ölkə kimi nüfuz qazanmaqdadır. Azərbaycan dövlətinin və iş adamlarının əsas sərmayə yatırdıqları ölkələrdən biri isə Gürcüstandır. Son illərdə Azərbaycan Gürcüstana böyükhəcmli sərmayələr qoymaqla, bu ölkənin iqtisadi inkişafına kömək göstərib. Buna misal olaraq, Kulevi neft terminalının inşasını göstərmək olar. Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı və limanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu ölkəyə yatırılmış ən əhəmiyyətli investisiya layihələrindən biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Bundan başqa, azərbaycanlı iş adamları Gürcüstanda digər mühüm sahələrə də sərmayələr yatıraraq bu ölkənin sosial-iqtisadi inkişafına töhfələr verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Daha mühüm məsələlər isə verilən bu bəyanatda əksini tapıb. Cənab Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri ilə əlaqədar deyib ki, “Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm. Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”. Cənab İlham Əliyev deyib: “Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri zamanı ikirtərəfli əlaqələrə dair bir çox məsələlərə nəzər salındı, Azərbaycan-Gürcüstan dostluğu dünyada qonşuluq münasibətlərinə bir nümunə kimi dəyərləndirildi. Hazırda Azərbaycan-Gürcüstan münasibətləri, demək olar ki, bütün sahələri əhatə edir. Bu münasibətlər həm də Cənubi Qafqazda sülh və əmin-amanlığın başlıca şərtidir- deyə E. Süleymanov fikrini tamamlayıb.