AZ

Azərbaycan və Gürcüstan dünyaya qonşuluq nümunəsi təqdim edir

Gürcüstanın Baş nazirinin parlament seçkilərindən sonra ilk səfərini ölkəmizə etməsi Azərbaycan-Gürcüstan münasibətlərinin xüsusi xarakterindən və dərin mahiyyətindən xəbər verir

Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən,  qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən xarici siyasət uğurlarımıza xüsusi diqqət yönəldərək bu reallığı bir daha diqqətə çatdırdı ki, ənənəvi tərəfdaşlarla əməkdaşlığımız yüksələn xətlə inkişaf edir və bundan sonra da  belə olacaq.

Qarşılıqlı səfərlər əlaqələrin inkişafında stimulverici amildir. Ümumilikdə Azərbaycan qonşuluq münasibətlərinin inkişafına xüsusi diqqət göstərir. Azərbaycan-Gürcüstan dünyaya qonşuluq nümunəsini təqdim edir.  Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri, səfər çərçivəsində  Prezident İlham Əliyev ilə təkbətək və geniş tərkibdə  görüşləri, səfərin mahiyyətini, qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən mətbuata birgə bəyanatlarında səslıəndirilən fikirlər ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. İki dost, qardaş ölkə olan Azərbaycan və Gürcüstan daim bir-birinin yanndadır. Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin sayında da artım diqqətdən kənarda qalmır. Bu günədək 100-dən artıq sənəd imzalanıb ki, bunlar da ayrı-ayrı sahələr üzrə münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. 

Mətbuata bəyanatında “Bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edən cənab İlham Əliyev vurğuladı ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Azərbaycan-Gürcüstan siyasi əlaqələrinin  bütün qonşular üçün nümunə olduğunu önə çəkən dövlət başçısı bildirdi ki, iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırıb. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını təşkil edən enerji və nəqliyyat layihələri əməkdaşlığın təməl daşıdır. İnfrastruktur layihələri bütün dünya xalqları üçün önəmlidir. Asiyanı, Çini və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasında iştirak edən hər üç ölkənin əməkdaşlıq formatı sabitlik nümunəsidir. Enerji və nəqliyyat sahəsində yeni layihələri, həmçinin Avropa İttifaqı ölkələrinə qaz ixracının genişləndirilməsini və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılmasını, elektrik enerjisi ixracının artırılmasını, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji gücünün 10 gvt, Xəzərdə isə 157 gvt təşkil etməsini, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımalarının 5 milyon tona kimi yüksəldilməsini də xüsusi qeyd etməliyik. Asiyadan Qərbə və əksinə, yükdaşımalarının artması yeni reallıq yaradır. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmağı planlaşdırır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dünyada enerjiyə tələbatın artdığı zamanda Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsi iki ölkənin  öz maraqlarını təmin etməsinə imkan verir

Regional çərçivədə qurulan əlaqələrin coğrafiyası hazırda genişlənir. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Enerji layihələri iə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin  uğurlu icrası hər iki ölkənin tranzit imkanlarının artmasında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyevin mətbuata bəyanatda qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu rəqəm  25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir: “Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.”

Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Azərbaycan ötən ilin noyabr ayında dünyanı Bakıya toplamaqla bu sahədə mühüm qərarların qəbuluna, mühüm nəticələrə nail oldu. COP29 Bakı nailiyyəti kimi tarixə yazıldı. Bundan sonrakı COP-lar COP29-un nəticələrindən bəhrələnəcək. Bu iqlim konfransı yeni əməkdaşlıq formatlarının yaradılmasına və gələcəkdə yeni əməkdaşlıqlara yol açdı. Bu baxımdan Azərbaycan və Gürcüstan birgə yaşıl enerji layihələrini həyata keçirir. Bu,  hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün yaşıl  enerji  bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Ölkələrimiz Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu da böyük coğrafiyanı əhatə edən layihədir.  Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.  Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur.

“Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar” bildirən cənab İlham Əliyev onu əlavə etdi ki, partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik.

Baş nazir İrakli Kobaxidze ölkəsinin Azərbaycana dost, qardaş münasibətini bu fikirləri ilə ifadə etdi: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur… Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır. Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik.” Belə bir əminlik də ifadə edildi ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.

Qeyd etdiyimiz kimi, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.  Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır.  Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə  münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Gürcüstanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində  Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirildi.

İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.”

Ölkələr arasında regionlararası əməkdaşlıq həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri arasında “qardaşlaşma” əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi Azərbaycan-Gürcüstan münasibətlərinin xüsusi xarakterindən və dərin mahiyyətindən xəbər verir.  Gürcüstan bu seçkilərdə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükısizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur.  Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
1
43
ikisahil.az

10Mənbələr