AZ

Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar? - Yenilənib

"Təyyarədə səfər zamanı şəxslərin meymunçiçəyinə yoluxması ehtimalı sıfıra bərabərdir"...

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilib.

"Meymunçiçəyi çox yaxın təmas - cinsi yol və ya bir açıq yara ilə digər açıq yaranın təması zamanı yayıla bilər. Bu səbəbdən də onunla bir təyyarədə səfər edən digər şəxslərin yoluxması ehtimalı sıfıra bərabərdir",- deyə açıqlamada vurğulanır.

***

22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Poliqon xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında deyilir.

Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.

Poliqon.info

Seçilən
1
49
poliqon.info

8Mənbələr