AZ

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb.  Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.  

 Məlumata görə, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın 2-dən 11-dək xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

“Xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır”, - məlumatda qeyd edilir. 

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və onun təmasda olduğu şəxslər üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək, məlumatda deyilir.

Seçilən
1
49
turan.az

8Mənbələr