Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanması Cənubi Qafqaz regionunda sabitliyə xidmət etmir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Bayden administrasiyasının belə addımları rəsmi Vaşinqtonun bu regionla bağlı siyasətinə zərbə vurur: “Hakimiyyətdən getmək ərəfəsində olan bu administrasiyanın yanlış siyasəti ABŞ üçün yaxşı heç nə vəd etmir. Sazişdə Azərbaycanın milli maraqlarına zidd olan məqamlar var. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Çünki belə bir inzibati ərazi vahidi yoxdur. Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman ABŞ işğalçı Ermənistana qarşı heç bir addım atmadı. Hansı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Həmin dövrdə ABŞ və digər həmsədrlər təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəliş ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bayden administrasiyası daim ölkəmizə qərəzli mövqe sərgiləyib. Amma Dövlət katibi Blinken özünü “sülh göyərçini” kimi təqdim etmək istəyirdi. Buna baxmayaraq, Dövlət Departamenti dəfələrlə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirib. Ona görə də, rəsmi Bakı Blinken tərəfindən son vaxtlarda irəli sürülən vasitəçilik təkliflərini qəbul etməyib. Çünki Ermənistanın tərəfini saxlayan Bayden-Blinken cütlüyü heç vaxt ədalətli sülhün tərəfdarı ola bilməz”.