AZ

“Həmas” və İsrail arasında atəşkəsin şərtləri bildirilib

 

İsrailin Qəzza zolağında 15 aydır davam etdirdiyi soyqırımı dayandıracaq atəşkəs və girov mübadiləsi razılaşmasının Türkiyə vaxtı ilə (TVİ) saat 09:30-da başlaması gözlənilirdi. Lakin, atəşkəsə dəqiqələr qalmış İsrail və “Həmas”dan ard-arda açıqlamalar gəldi.

İsrailin baş naziri Benyamin Netanyahu girovların azad olunacaq siyahısı təqdim edilməyənə qədər atəşkəsin başlamayacağını bəyan etdi. İsrail ordusunun sözçüsü Daniel Haqari də “Həmas”ın qadın əsirlərin adlarını verməməklə öhdəliklərini yerinə yetirmədiyini iddia etdi. “Həmas” isə atəşkəsə sadiq olduğunu təsdiqləyərək ilk mərhələdə azad olunacaq girovların adlarının açıqlanmasında gecikmənin sahədəki texniki səbəblərdən qaynaqlandığını bildirdi.

İsrail dövlət televiziyası KAN daha sonra yaydığı xəbərdə “Həmas”ın bu gün azad olunacaq əsirlərin siyahısını vasitəçilərə təqdim etdiyini açıqladı. Atəşkəs gözlənildiyi kimi TVİ ilə saat 09:30-da başlamadı. İsrail Qəzzaya hücumlarını davam etdirdi. Hücumlar nəticəsində 14 fələstinli həyatını itirdi.

Üç mərhələdən ibarət olan atəşkəsin ilk mərhələsinin 6 həftə davam etməsi planlaşdırılır. Bu mərhələdə israilli girovlar və fələstinli əsirlərin bir hissəsinin azad edilməsi nəzərdə tutulur. Fələstinli əsirlər müqabilində azad ediləcək israilli girovların sayı açıqlanan siyahılara uyğun olaraq müəyyən ediləcək.

“Həmas” ilk mərhələdə qadınları, uşaqları və 50 yaşdan yuxarı mülki şəxsləri azad edəcək. İsrailin isə girov mübadiləsi müddətində təxminən min fələstinli məhbusu azad etməsi gözlənilir. Girov mübadiləsinin TVİ ilə saat 17:00-də başlaması proqnozlaşdırılırdı. Lakin sahədəki texniki problemlər səbəbilə atəşkəs kimi girov mübadiləsinin də başlanması gözlənilən saat dəyişə bilər.

Atəşkəs həyata keçərsə, ilk mərhələdə İsrail ordusunun Qəzza zolağından çıxması da başlayacaq. İsrail ordusu Qəzza zolağının mərkəzi nöqtələrindən sərhəd xəttinə çəkiləcək. Atəşkəsin başlaması ilə birlikdə bölgəyə humanitar yardımların girişinə icazə veriləcək.

Qeyd edək ki, bölgəyə hər gün 50-si yanacaq olmaqla 600 humanitar yardım yük maşınının daxil olması planlaşdırılır.



Seçilən
12
50
trt.net.tr

10Mənbələr