Nikbin və əminliklə...
ABŞ-ın 47-ci Prezidenti and içərək prioritetlərini açıqladı
Dünya ictimaiyyətinin aylardır gözlədiyi an çatdı - yanvarın 20-də ABŞ-ın 47-ci Prezidenti seçilmiş Donald Tramp Kapitolidə and içdi. Yüzlərlə qonağın və televiziya ekranlarından inauqurasiyanı izləyən milyonlarla izləyicilərin qarşısında çıxış edən ABŞ-ın yeni prezidenti Donald Tramp ölkəsinin dünəni, bü günü və sabahı ilə bağlı fikir və proqramlarını diqqətə çatdırdı.
Yeni eranın başlanğıcı...
Yeni prezident Tramp inauqurasiyasını ölkə üçün tarixi dönüş nöqtəsi adlandırıb. O, “nitqinə “20 yanvar 2025-ci il ABŞ vətəndaşları üçün “azadlıq günü” olacaq deyə başlayıb. Tramp bildirib ki, prezident seçkilərindəki qələbəsi bir daha sübut etdi ki, əhalinin demək olar ki, bütün təbəqələri, bütün etnik qruplar və bütün yaş qrupları arasında onun proqramına dəstək kəskin şəkildə artıb. Ağ Ev rəhbəri qeyd edib ki, onu seçkilərdə milli azlıqlar, xüsusilə Latın Amerikası və Asiya əsilli amerikalılar fəal dəstəkləyib. “Səs verməklə mənə göstərdiyiniz böyük sevgi və etimada görə sizə təşəkkür etmək istəyirəm.
Tramp “Amerika tənəzzülünə” son qoyacağına söz verib. “Burada və indi ABŞ-ın qızıl dövrü başlayır” deyən ABŞ-ın 47-ci prezidenti ölkənin “dəyişiklik dalğası ilə süpürüldüyünü” vurğulayaraq, Ağ Evə “nikbinliklə və əminliklə qayıtdığını” qeyd edib. O deyib ki, milli uğurun yeni və həyəcanverici dövrünün başlanğıcındadırlar”.
Elektrikli avtomobilə “yox”...
Prezident kimi and içdikdən sonra xalqa müraciət edən Trampın çıxışı aqressiv tonu ilə seçilib - o, bir sıra genişmiqyaslı xarici və daxili siyasət təşəbbüslərini açıqlayıb. Tramp enerji sektorunda fövqəladə vəziyyət elan edəcəyinə söz verib ki, bu da qalıq yanacaqların istehsalını artırmağa imkan verəcək. “Biz yenidən zəngin ölkəyə çevriləcəyik və bu işdə bizə ayağımızın altındakı maye qızıl kömək edəcək”, - deyə, o vurğulayıb. Tramp həmçinin ABŞ-ın Paris İqlim Sazişindən bir daha çıxacağını açıqlayıb (artıq bununla bağlı fərman belə imzalayıb) və ölkənin bundan sonra elektrikli avtomobillərin payını artırmağa çalışmayacağını bildirib. O, “Amerika avtomobil sənayesini xilas edəcək və hər kəs istədiyi avtomobili ala biləcək”, deyə əlavə edib.
Miqrantlar deportasiya ediləcək...
Trampın seçki dövründən bu yana gələcək proqramının ana xəttini təşkil edən məsələlərdən biri isə miqrasiyadır. Tramp müraciətində ölkəni bürüyən “fəlakətli işğalı dəf etmək” üçün ABŞ-ın cənub sərhədinə qoşun göndərəcəyini bildirib. Beləliklə qeyri-qanuni miqrantlar ölkəyə buraxılmayacaq. ABŞ-ın yeni prezidenti milyonlarla” qeyri-qanuni immiqrantın planlaşdırılan kütləvi deportasiyasını həyata keçirəcəyini açıq şəkildə bildirib. O, administrasiyasını bütün xarici dəstələri və cinayət şəbəkələrini sıradan çıxarmaq üçün həm federal, həm də əyalət hüquq-mühafizə orqanlarının “tamamilə maneəsiz gücündən” istifadə etməyə istiqamətləndirəcəyini söyləyib.
ABŞ dünyadakı münaqişələrin həllində iştirak edəcək
Donald Tramp, həmçinin dünyadakı münaqişələrin həllində iştirak edəcəyini bildirib. “Bizim uğurumuz təkcə qalib gəldiyimiz döyüşlərdən yox, həm də bitirdiyimiz müharibələrdən ibarət olacaq. Müharibələrə cəlb edilməmək vacib olacaq”. ABŞ rəhbəri qeyd edib ki, “mən sülhməramlı və insanları bir araya gətirən insan olmaq istəyirəm”. O, eyni zamanda ABŞ ordusunun gücləndirilməsinə diqqət yetirəcəyinə söz verib. “Biz 2017-ci ildə etdiyimiz kimi bir daha dünya tarixinin ən güclü ordusunu quracağıq”.
Tramp inauqurasiya nitqində ölkənin tənəzzülünə səbəb olan səhiyyə və təhsildə əsas problemlərə də eyham vurub. O, ölkəsinin daxili böhranla üzləşdiyini də etiraf edib. “Səhiyyə sistemimizə dünyanın digər ölkələrindən daha çox pul xərclənməsinə baxmayaraq, bu sahədəki işlər uğursuzluqla nəticələnir. Uşaqlarımıza özündən utanmağı, bəzi hallarda isə nifrət etməyi öyrədən təhsil sistemimiz var. Bütün bunlar bu gündən etibarən dəyişəcək”.
Onun sözlərinə görə, hazırda ABŞ daxili böhran və xaricdə fəlakətli hadisələrlə üz-üzədir. ABŞ Prezidenti xüsusilə əvvəlki administrasiya tərəfindən COVID-19 peyvəndindən imtina etdiyi üçün silahlı qüvvələrdən uzaqlaşdırılan hərbi qulluqçuları xidmətə qaytaracağına söz verib.
ABŞ-da iki cins olacaq...
Tramp seçki platformasının mühüm bir hissəsini təşkil edən LGBT məsələsinə bird aha toxunaraq xalqa müraciətində bildirib ki, ABŞ-da yalnız iki bioloji cinsin - kişi və qadının tanınmasını təmin edəcək. “Bu gündən etibarən ABŞ administrasiyasının rəsmi siyasəti ondan ibarət olacaq ki, yalnız iki cins var: kişi və qadın”. Tramp ictimai və şəxsi həyatın bütün aspektlərinə irqi və genderi sosial cəhətdən aşılamaq cəhdi siyasətinə son qoyacağını vəd edib.
Panama qaytarılmalıdır...
Respublikaçı Prezidentin xarici siyasətinin növbəti hissəsi isə Panama kanalının geri qaytarılacağı ilə bağlı olub. O, ABŞ tarixində ən bahalı tikinti layihəsi olan kanalın Panamaya verilməsini “axmaqlıq” adlandırıb. “Amerika gəmiləri indi Panama tərəfindən deyil, ABŞ-ın heç vaxt belə hüquqlar vermədiyi Çin tərəfindən idarə olunan Panama kanalından keçmək üçün artıq rüsum ödəməli olur”. Bundan əlavə, Tramp Meksika körfəzinin adını Amerika körfəzi, eləcə də Şimali Amerikanın ən hündür dağı Denaliyə əvvəlki adı olan MakKinliyə qaytarmaq niyyətini açıqlayıb.
ÜST-dən və İqlim Sazişindən çıxdı, yardımları dayandırdı...
Donald Tramp ilk qərarları ilə də “yaddaqalan olub”. Belə ki, ABŞ Prezidenti ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb. Dövlət başçısı bunu Vaşinqtondakı “Capital One” İdman-Konsert Kompleksində tərəfdarlarının iştirakı ilə edib. Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. Qeyd edək ki, ki, bu addım ABŞ tarixində artıq ikincidir - 2017-ci ildə ABŞ Paris İqlim Sazişindən birinci dəfə çıxıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.
Eyni zamanda, Tramp ABŞ-ın digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb. Yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılacaq. Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, ABŞ-ın xarici yardımı, ümumiyyətlə, büdcənin 1 %-dən çox olmayıb.
Prezident Trampın səlahiyyətlərinin icrasına rəsmən başladığı anda verdiyi qərarlardan biri də Birləşmiş Ştatlatın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman olub. Amerika lideri, prezidentlik dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-ın ÜST-ə üzvlüyünün 500 milyon dollar, əhalisi 1,4 milyard dollardan çox olan Çinin isə təxminən 39 milyon dollar ödədiyi məlumatlara istinad edib. “Mənə elə gəldi ki, bu, bir az ədalətsizdir. Səbəb bu deyildi, amma mən ÜST-dən ayrıldım”.
Baydenin qərarları ləğv edilir, kadrları uzaqlaşdırılır...
ABŞ Prezidenti Donald Tramp sələfi, demokrat Cozef Baydenin administrasiyası tərəfindən qəbul olunmuş 80-ə yaxın qərarı ləğv edəcək. Tramp bildirib ki, ilk addım tarixin ən pis administrasiyalarından biri olan əvvəlki administrasiyanın həyata keçirdiyi təxminən 80 dağıdıcı və radikal qərarları ləğv etməkdir - ən pislərdən biri deyil, ən pisini. Eyni zamanda, ABŞ lideri Donald Trampın kadrlar şöbəsi Cozef Baydenin əvvəlki administrasiyası dövründə təyin edilmiş mindən çox insanın işdən çıxarılması proseduruna başlayıb. Tramp bu barədə “Truth Social”da yazıb. “Mənim kadrlar şöbəm əvvəlki administrasiyadan “Amerikanı yenidən qüdrətli edək” konsepsiyamıza uyğun gəlməyən 1000-dən çox prezident təyinatlı şəxsin müəyyənləşdirilməsi və işdən çıxarılması ilə fəal məşğuldur. “Fiziki Sağlamlıq və İdman üzrə Prezident Şurasından Xose Andres, İnfrastruktur üzrə Milli Məşvərət Şurasından Mark Milli, Vudro Vilson Mərkəzindən Brayan Huk və İxrac üzrə Prezident Şurasından Keyşa Lens Bottoms - siz işdən azad edildiniz!”.
İlk latın kökənli Dövlət katibi...
ABŞ prezidenti Trampın Dövlət Katibliyinə namizədliyini irəli sürdüyü keçmiş senator Marko Rubio Senatda keçirilən səsvermədə Trampın kabinetinin ilk naziri olaraq təsdiqlənib - kubalı mühacir ailəsinin övladı Rubio ABŞ tarixində ilk latin kökənli dövlət katibi olub.
Pərviz SADAYOĞLU