AZ

Tramp dəyişikliyin yeni modeldir– ÖZƏL

"ABŞ-nin 47-ci prezidenti Donald Trampın olduqca rəngli inaqurasiya mərasimi kimi, bundan sonra yürüdəcəyi siyasətlə bağlı müzakirələr də dünyanın diqqət mərkəzindədir. Hər şeydən öncə formalaşdırdığı komandaya nəzər yetirmək kifayətdir ki, vitse-prezident Ceyms Devid Vensin, Dövlət Katibi Marko Rubionun tələsik deyil, ideoloji loyallığı nəzərə alınaraq əvvəlcədən, diqqətlə seçildiyinin şahidi olasan. Hər halda söhbət supergücdən və onun hiperaktivliyi ilə məşhur olan rəhbərindən gedirsə, deməli, qarşıdakı dönəmdə dinamik siyasətin şahidi olacağıq".

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Trampın siyasətində düşmənçilik klassik müharibələrə qarşı olsa da, onun ticarət və iqtisadi olan növlərinə maksimum meyil üzə çıxacaq. Burada maraqlı bir paradoks odur ki, iqtisadi "müharibə" ABŞ-la daha sıx bağlılığı olan ölkələrə qarşı aparılacaq. Deməli, müttəfiqlər, rəqiblərdən daha çox əziyyət çəkəcək. Məhz buna görədir ki, Aİ-nın gözyaşları üfüqdə görünür.  Deməli, həm də ABŞ valyutasının dominantlığının şahidi olacağıq ki, bu da məhz BRICS-in aktivliyini artıracaq. Ukrayna məsələsinə gəldikdə isə açığı görünən mənzərə odur ki, Tramp heç nəyi həll etmək fikrində deyil, onun məqsədi heç kimə lazım olmayan, lüzumsuz hesab etdiyi silahlı münaqişəyə son qoymaqdır. Dayanma, durma və ya sabit atəşkəsin təmin edilməsi, adı hər nə olursa olsun, qalanı ikinci dərəcəlidir. Tramp düşünür ki, qoy, bu məsələlərlə Avropa və ya bir başqası məşğul olsun. Amerikanın üzərinə götürəcəyi əsas şey isə bəllidir, Çin, tariflər, Qərb yarımkürəsi, Arktika və s.
Trampın yanaşması Rusiya tərəfinin dediklərindən çox uzaqdır. Rusiyaya lazım olan atəşkəs deyil, münaqişənin əsas səbəbini yəni, sərhədlərinə yaxın gələ biləcək nəinki sərt güc, hətta yumşaq, xırda, əks ideoloji baxışın belə olmamasıdır. Trampa isə kök də, səbəb də qətiyyən maraqlı deyil. Məsələn, Jurnalist Taker Karlson Rusiya dövlətinin mərkəzləşdirilmiş bir dövlət kimi necə yığılmağa başladığını, Novqorod adlı bir şəhərin necə formalaşdığını, Ukraynanın formalaşma tarixini mühazirə kimi dinlədisə, Trampa bu mühazirələr də, mülahizələr də mənasız gəlir.
Donald Trampın şəxsi keyfiyyətlərinə, baxış və xüsusiyyətlərinə münasibət necə olursa olsun, onun gəlişi beynəlxalq münasibətlərdə yeni dövrün başlanğıcından xəbər verir. Tramp dəyişikliyin təcəssümü, yeni modeldir. Hər halda köhnə model Co Baydenin prezidentliyi dövrü bir administrasiyanın son dərəcə pis başa çatmasının simvolu kimi tarixdə qaldı. 
ABŞ-nin 72-ci Dövlət Katibi Marko Rubio supergücün yürüdəcəyi siyasətlə bağlı aydın istiqamətlər verdi. Yürüdülən siyasət "Amerikanı daha təhlükəsiz, daha güclü, daha firavan edirmi?" sualı üzərində dayanmalıdır. Tramp inaqurasiyada ABŞ-nin "Qızıl çağ"ının başladığını bildirmişdi, imza atdığı sənədlər bu eranın müqəddiməsi hesab olunur. Tramp ənənəvi cəmiyyətin tərəfdarıdır ki, səsləndirdiyi fikirləri cəmiyyətdə yalnız qadın və kişi cinsinin olacağı ilə bağlı imzaladığı sənədlə rəsmiləşdirdi. Tramp əsas milli maraqları həyata keçirmək üçün başqa ölkələrlə əməkdaşlıqda praqmatik xarici siyasət aparılmasının önəmi üzərində dayanır. Cənab Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu ünvanladı. Məktubda ancaq pozitiv, konstruktv siqnalların, açar sözlərinin şahidiyik. ABŞ-Azərbaycan münasibətlərinin daha müsbət inkişafı üçün əsaslı bazis mövcuddur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
50
olaylar.az

10Mənbələr