Olaylar.az xəbər verir ki, Senatda keçirilən səsvermə əsasən partiya xətti üzrə aparılıb: 51 nəfər "lehinə", 50 nəfər isə "əleyhinə" səs verib.
Keçmiş hərbçi və televiziya aparıcısı Hegsetin namizədliyi seksual qısnama və maliyyə pozuntuları ittihamları fonunda müzakirə mövzusu olub. Lakin Prezident Tramp öz namizədini dəstəkləyərək onun bu vəzifəyə uyğun olduğunu bildirib.
Senatdakı respublikaçılar ittihamları, o cümlədən Hegsetin keçmiş nişanlısının and içərək verdiyi ifadələri əsasən rədd ediblər. Hegsetin keçmiş həyat yoldaşını təhlükədə hiss etməyə məcbur etdiyi və illərlə alkoqolizmdən əziyyət çəkdiyi iddia olunan bu ifadələr Senatın Silahlı Qüvvələr Komitəsinə təqdim olunmuşdu.
Bununla belə, təsdiq prosesi zamanı respublikaçılar iki üzvlərinin dəstəyini itiriblər. Alyaska senatoru Liza Murkovski və Men senatoru Süzan Kollinz Hegsetin əleyhinə səs veriblər. Murkovski verdiyi bəyanatda çoxsaylı ittihamları əsas gətirərək Hegsetin namizədliyini dəstəkləyə bilməyəcəyini qeyd edib.
Bu qalmaqallı təyinat Tramp administrasiyasının həm tərəfdarları, həm də tənqidçiləri arasında geniş rezonans doğurub.