AZ

Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır...Niyə?

Image

Sahil Kərimli: “...Bu ölkənin tutduğu mövqe deməyə əsas verir ki, burda Rusiya tərəfindən obyektiv nəticə sərgilənməyəcək”

Keçən ilin dekabr ayının 25-də   “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Rusiya tərəfindən vurulub və nəticədə böyük faciə baş verib.

Hazırda Qroznı səmasında vurulan təyyarəmizlə bağlı tədqiqat davam edir. Bu arada Rusiya tərəfi bu istiqamətdə aparılan tədiqatların nəticələrini başqa yönlərə çəkməyə çalışır, uyğun olmayan açıqlamalar verir. Bütün dünyanın diqqəti isə vurulan təyyarəmizlə bağlı tədqiqatın obyektiv aparılması, gerçək səbəblərin üzə çıxarılmasıdır. Dəstək təklif edən ölkələr də var.  Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Britaniyanın narahatlığı və dəstək təklif etməsi o anlama gəlməyə əsas verirmi ki, Britaniya hökumətində  Rusiyanın qəzanın obyektiv araşdırılmasında sonadək ardıcıl və şəffaf olmasına şübhə var? Eyni zamanda, Britaniyanın bu təklifi Rusiyanı bir qədər səmimi və ardıcıl olmağa məcbur edə bilərmi?

“...Xüsusilə də İngiltərənin təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycana dəstək təklifi irəli sürməsi elə Rusiyanın bəzi dövlət qurumlarının bu cür mahiyyətindən irəli gəlir”

Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün təyyarə qəzası ilə bağlı Rusiya tərəfin tutduğu mövqe ziddiyyətlidir: “Son dövrlərdə

Rusiyanın rəsmi nümayəndələrinin müəyyən ziddiyyətli açıqlamaları, Azərbaycanın mövqeyinə zidd olan, sağlam olmayan bəyanatları, eyni zamanda bu ölkənin tutduğu mövqe deməyə əsas verir ki, burda Rusiya tərəfindən obyektiv nəticə sərgilənməyəcək. Dünyanın bir çox ölkəsinin, xüsusilə də İngiltərənin təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycana dəstək təklifi irəli sürməsi də elə Rusiyanın bəzi dövlət qurumlarının bu cür mahiyyətindən irəli gəlir.  Bu gün, təbiidir ki, nəinki İngiltərədə, elə Azərbaycanın dostu, müttəfiqi, tərəfdaşı olan bir çox dövlətlərdə müəyyən qədər inamsızlıq var. Çünki əvvəlcə onu vurğulamalıyıq ki, Rusiya təyyarə qəzasının baş verdiyi ilk dəqiqələrdən izi azdırmağa çalışdı və bir çox düzgün olmayan versiyalar üzərində dayandı, reallıqdan uzaq ehtimallar irəli sürdü. Hətta müəyyən şaiyələr də buraxılmışdı ki, guya bu, pilotların səhvi üzündən baş verib, yaxud qəza təyyarənin hansısa bir quş dəstəsi ilə toqquşması nəticəsində baş verib və sair bu kimi gülünc ehtimallar səsləndirmişdi. Yəni bütün bu gedişat onu göstərdi ki, Rusiya tərəfi heç də obyektiv deyil”. 

S.Kərimlinin qeyd etdiyinə görə, Rusiyanın öz günahını etiraf etməməsi, təyyarəni vurduğunu dilə gətirməməsi, təyyarəmizə öz ərazisindəki hava limanlarına eniş etməyə icazə verməməsi onu deməyə əsas verir ki, bəli, Rusiya bu məsələdə konkret olaraq günahkardır və öz günahını boynuna almaq, günahkarları cəzalandırmaq, Azərbaycan tərəfə təzminat ödəmək əvəzinə bu cür saxta, yalan ehtimallar irəli sürür. “Yəni bu gün həm Braziliyanın “Embraer” şirkətinin, həm qəzanın baş verdiyi Qazaxıstan dövlətinin, eyni zamanda bir çox tərəflərin məsələ ilə bağlı Azərbaycana daim dəstək verməsi cəhdləri də ondan xəbər verir ki, bəli, biz bu məsələdə heç də Rusiyaya güvənmirik. Çünki qeyd etdiyim kimi, Rusiya elə ilk dəqiqələrdən öz mahiyyətini ortaya qoydu və reallıqdan uzaq ehtimallar səsləndirdi. İnanıram ki, təyyarə qəzasını araşdıran istintaq qrupu, ümumiyyətlə “qara qutu”nun oxunması ilə bağlı aparılan tədqiqatlar və digər araşdırmalar yaxın günlərdə tam nəticələnəcək, biz sonda əsl reallığı eşidəcəyik. Həm Azərbaycan ictimaiyyəti, həm də dünya ictimaiyyəti bu məsələdə əsas günahkarların kim olduğunu öyrənəcək” - deyə S.Kərimli qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
8
50
baki-xeber.com

10Mənbələr