AZ

Aktau qəzasının müəmmaları: “Əgər 3 istintaqın ayrı-ayrı nəticələri bir-birinə zidd olarsa...”

“AZAL təyyarəsinə mərmi atılıb və mərmi təyyarənin həndəvərində partlayıb. Onun qəlpələri təyyarəyə dəyib, uçuş trayektoriyasını dəyişib və nəticədə qəza baş verib”.

Bunu “Yeni Sabah”a ehtiyatda olan polkovnik, hüquqşünas Şəmsəddin Əliyev deyib.

- Əgər “qara qutu”nun açılmasında bütün maraqlı tərəflər (Qazaxıstan, Azərbaycan, Rusiya və Braziliya) iştirak edibsə, nəyə görə stenoqram açıqlanmır? Axı “Baza” “Telqgram” kanalının mətni redaktə etməsinin yeganə sübutu ancaq bu ola bilər...

- “Qara qutu” möhkəm materialdan hazırlanır və təyyarənin quyruq hissəsində yerləşdirilir ki, istənilən qaza zamanı zədə almasın. Narıncı rəngə olduğu üçün dağıntılar arasında daha tez diqqət çəkir. Hazırda “qara qutu” istintaq üçün mühüm əhəmiyyət kəsib edir. 

Rusiyanın təyyarəmizin vurulması ilə bağlı istintaq aparması prosessual baxımdan onunla bağlıdır ki, təyyarə məhz bu ölkənin ərazisində vurulub. Mərmi atılıb və mərmi təyyarənin həndəvərində partlayıb. Onun qəlpələri təyyarəyə dəyib, uçuş  trayektoriyasını dəyişib və nəticədə qəza baş verib. 

“Qara qutu”dakı məlumatlar müvafiq istintaq orqanlarına artıq ötürülüb. Yəni “qara qutu”nu kim açırsa, məlumatları məxfi şəkildə saxlayır. 

Bizim Baş Prokurorluq yəqin ki, Rusiyanın İstintaq Komitəsinə müraciət edib. Ola bilsin ki, təhqiqata hər hansı maneələr yaradılsın. Məsələn, deyə bilərlər ki, istintaqı tam obyektiv və ədalətli aparırıq, narahatlığa əsas yoxdur. 

- Hazırada 3 ölkədə cinayət işi açılıb, araşdırma gedir. Əgər hər 3 ölkənin istintaq nəticələri bir-birindən fərqlənsə, necə olacaq?

- Bu, mümkün variantdır. İstintaqda müxtəlif, yəni bir-birinə zidd sübutlar, dəlillər ola bilər. Azərbaycan tərəfini qane etməyən dəlillərin qiymətləndirilməsi mövqeyi ola bilər. Əgər 3 istintaqın ayr-ayrı nəticələri bir-birinə zidd olarsa, peşəkar istintaqçılardan müəyyən komissiya yaradıla bilər. Yaxud istintaq materiallarını birləşdirib 1 ölkənin istintaqının ixtiyarına verilə bilər. 

- Təyyarənin vurulub-vurulmaması məsələsini birbaşa Rusiya İstintaq Komitəsi araşdırır. Bizim prokrurorluq nümayəndələrinin istintaqın bu hissəsində iştirakına yol veriləcək? 

- Faktiki olaraq hadisə Rusiyanın ərazisində baş verib və Qazaxıstanın ərazisində bitib. Bizim üçün sərfəli olar ki, işin istintaqını və əldə olan nəticələri Qazaxıstanın prokurorluğuna verilməsidir. Baş Prokurorluq işçiləri Rusiyaya ezam olunub. İş məhkəməyə verilənə qədər orada birlikdə bu istintaqı həyata keçiriləcək. 

Amma diqqəti özünə çəkən xüsusi məqam var. Bu ondan ibarətdir ki, “qara qutu”dakı məlumatlar, sübutlar, dəlillər tamamilə məxfi sayılır və istintaq sirdir. Düşünürəm ki, “qara qutu” ilə bağlı detalları, eyni zamanda, Rusiya və Qazaxıstanın istintaq gedişatını mətbuatda işıqlandırmağa çox da ehtiyac yoxdur. Bu da bir sirr olaraq qalmalıdır. Bizə nə bəllidirsə, onun ikiqatı prokurorluq orqanlarına bəllidir. Onlar əgər müəyyən mənada ictimaiyyətə hər hansı məlumatı vermirlərsə, deməli, burada hələ ki ehtiyac yoxdur. Zamanında, tam nəticə olanda məlumat veriləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
11
50
yenisabah.az

10Mənbələr