AZ

“RAZILAŞMA EHTİMALI AZDIR” - "Moskvanın Kiyevi güzəştə məcbur edə biləcəyinə əminliyi artır”

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında gözlənilən telefon danışığı öncəsi hər iki tərəf öz mövqeyini müdafiə edir.

“AzPolitika” xəbər verir ki, “The Washington Post”-da dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, Moskva Trampın yaxın günlərdə Putinlə əlaqə saxlayacağını gözləyir, lakin Rusiya rəsmiləri Ukraynadakı müharibə ilə bağlı sərt mövqe nümayiş etdirirlər: “Onların ABŞ və Rusiya arasında münasibətlərdə əhəmiyyətli irəliləyişin olacağı ilə bağlı gözləntiləri azdır.

Rusiyanın hərbi uğurları və Trampın Ukraynaya hərbi yardımı kəsə biləcəyi ilə bağlı fərziyyələr fonunda Moskvanın daha çox Ukrayna ərazisini ələ keçirə və Kiyevi güzəştə getməyə məcbur edə biləcəyinə əminliyi artır.

Kreml yönümlü analitik Sergey Markov deyir: “Yazda müharibəyə son qoymaq üçün şərtlər hələ yetişməyəcək. Ancaq payıza qədər Tramp Ukraynaya maliyyəni kəsəcək və Rusiya ordusu daha da irəliləyəcək və o zaman daha yaxşı siyasi şərait yaranacaq”.

Trampın özü müharibənin tezliklə bitməsinin tərəfdarıdır. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib: "Rusiya və Ukrayna arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün səylərimiz indi davam edir. Bunu etmək çox vacibdir".

O, daha əvvəll “Truth Social” vasitəsilə xəbərdarlıq etmişdi ki, əgər Putin Ukrayna ilə sülh bağlamasa, “Rusiyanın ABŞ-yə satdığı hər şeyə ağır vergilər, tariflər və sanksiyalar” tətbiq olunacaq.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov isə qeyd edib ki, Moskva Tramp administrasiyası ilə razılığa gəlmək imkanının olduğunu düşünür. Bununla belə, ekspertlər bildirirlər ki, bu cür razılaşmalar Ukraynanın neytral statusu və NATO-nun şərq sərhədlərində infrastrukturdan imtinası da daxil olmaqla, Avropa təhlükəsizliyində əsaslı dəyişikliklərə səbəb olacaq. Putinin köməkçisi Yuri Uşakov deyib ki, sülh “uzunmüddətli və obyektiv maraqlarımıza hörmət əsasında” olmalıdır.

Nikolay Patruşev kimi bəzi Rusiya rəsmiləri hətta Ukrayna və Moldovanın parçalanacağını proqnozlaşdırırlar.

"Patruşevin nəzərində Ukraynanın bizə dost olmaqdan başqa yolu yoxdur: onlar təslim olurlar və bütün tələblərimizi qəbul edirlər - ya da dağılırlar", - Kremlə yaxın analitik Tatyana Stanovaya qeyd edib.

Politoloq Dmitri Trenin isə Kreml yönümlü “Profil” nəşri üçün yazdığı məqalədə iddia edir ki, Kiyevin təslim olması Qərb üçün qəbuledilməzdir, ona görə də döyüşlər davam edəcək: “Moskva üçün total qələbədən az olan hər şey məğlubiyyət deməkdir”.

Eyni zamanda, Moskvada çoxları Trampa sürprizlər edə bilən qeyri-ənənəvi siyasətçi kimi baxır. Bəziləri ümid edir ki, o, Ukraynaya hərbi yardımı kəsəcək və onun administrasiyası Rusiya ilə yaxınlaşmanı təşviq edəcək.

Buna baxmayaraq, skeptisizm qalmaqdadır. Putin üçün əsas risk odur ki, Tramp iqtisadi təzyiqi artıra bilər, məsələn, aşağı neft qiymətləri və ya yeni sanksiyalarla. Moskva Trampla planlaşdırılan telefon danışığının dialoq üçün imkanlar açacağına ümid edir, lakin Ukrayna ilə bağlı kompromis ehtimalı azdır.

Tramp Davosda dedi ki, neftin dünya qiymətlərinin aşağı olması Ukraynadakı müharibəyə son qoymağa kömək edəcək, ona görə də OPEK ölkələri və xüsusən də dünyanın ən böyük “qara qızıl” ixracatçılarından biri olan Səudiyyə Ərəbistanı qiymətləri aşağı salmalıdır”.

Göründüyü kimi, ABŞ-nin aparıcı media qurumları da Tramp-Putin danışıqlarından Ukrayna ilə bağlı kompromis, konkret sülh razılaşması gözləmirlər. Bu da təsadüfi deyil. Çünki münaqişəni başlayan qüvvələr hələ onun bitməsində maraqlı görünmür, həmçinin, tərəflərin heç biri hələ də istədiyinə nail ola bilməyib və yaxın gələcəkdə də nail olacaqları ehtimalı azdır…

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
9
50
azpolitika.info

10Mənbələr