Reuters xəbər verir ki, Putin "xüsusi hərbi əməliyyatının" məqsədlərinə artıq nail olunduğunu hesab edir, çünki Rusiya iqtisadiyyatındakı problemlərlə getdikcə daha çox maraqlanır.
Son aylarda Rusiyanın daxili iqtisadi vəziyyəti pisləşməyə başlayıb. Bunun əsas səbəbləri arasında işçi qüvvəsinin çatışmazlığı və inflyasiya ilə mübarizə aparmaq üçün tətbiq olunan yüksək faiz dərəcələri var. Rekord səviyyəyə çatan hərbi xərclər inflyasiyanı daha da sürətləndirib. Reutersə xəbər verən 2 mənbənin sözlərinə görə, bu, Rusiya elitasının müəyyən hissəsində münaqişənin danışıqlar yolu ilə həll olunmasının zəruriliyi barədə fikirlərin yayılmasına səbəb olub.
Trampın inauqurasiyasına bir neçə gün qalmış, Bayden administrasiyası Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirləri hədəf alan ən genişmiqyaslı sanksiya paketini tətbiq edib. Ceyk Sallivanın sözlərinə görə, bu addım yeni mərhələnin başlanğıcıdır və Trampa gələcək danışıqlarda təzyiq rıçaqları qazandıracaq.
Kremlə yaxın mənbənin sözlərinə görə, Rusiya prezidenti müharibənin iqtisadiyyata yük olduğunu da qəbul edir və yüksək faiz dərəcələrinin mülki biznes və sənayeyə təsiri kimi "həqiqətən böyük problemlərdən" narahatdır.
Bu il Rusiya müdafiə xərclərini postsovet dövrünün ən yüksək səviyyəsinə – ÜDM-in 6,3%-nə çatdırıb. Bu, büdcə xərclərinin üçdə birini təşkil edir və inflyasiyanı artıran amillərdən biridir. Hərbi dövrün əmək bazarındakı çatışmazlıqlarla birləşən bu amil maaşların artmasına səbəb olub.
Putinin məyusluğu 16 dekabrda Kremlin işgüzar dairələrlə keçirdiyi görüşdə də hiss olunurdu. Görüş zamanı o, yüksək vəzifəli məmurları tənqid edib. Reuters-in mənbələrindən birinin sözlərinə görə, Putin, özəl investisiyaların əhəmiyyətli dərəcədə azaldığını eşidəndə açıq şəkildə narazılıq ifadə edib. Rəsmi Kremlin saytında Putinin çıxışının yalnız giriş hissəsi dərc olunub və burada o, biznesi tərifləyib, lakin görüşdə iştirak edən iş adamlarının adlarını çəkməyib. Reuters-in mənbəsi bildirir ki, görüş qapalı rejimdə keçirilib və Mərkəzi Bankın sədri Elvira Nabiullina dəvət olunmayıb.
politoloq Kamran Cəfərov
visiontv.az