AZ

Kennedi qətli: Həqiqət Nəhayət Üzə Çıxır? – Emin Əfəndi

Kennedi qətli ilə bağlı marağım çox erkən yaşda başladı. 6-cı sinifdə oxuduğum Norman Lyuisin “Siciliya mütəxəssisi” kitabı həyatımda ilk ciddi ədəbiyyat təcrübələrindən biri idi. Bu kitab mənə o qədər maraqlı gəldi ki, uzun müddət təsirindən çıxa bilmədim. Oradakı sui-qəsd nəzəriyyəsi və ABŞ hökumətindəki sirli hadisələr məni mövzunun dərinliklərinə çəkdi. Kitabın sonunda təsvir olunan təyyarənin boz dənizə qərq olması isə məndə ilk dəfə belə bir fikir oyatdı: dünyada elə sirlər var ki, heç vaxt açıla bilməz.

NOCOMMENT.az xəbər verir ki, Kennedi-nin 1963-cü ildə baş verən sirli ölümü də məhz belə bir hadisədir. Rəsmi versiyadan çox, gizli detalları və qaranlıq məqamları ilə yadda qalan bu qətl, illərdir həm ABŞ-də, həm də bütün dünyada geniş müzakirələrə səbəb olur. Çox sayda kitab, məqalə və filmlər bu mövzuya həsr edilib, lakin suallar hələ də cavabsızdır.

Bu ölüm ətrafında CIA-in, mafiyanın, SSRİ-nin və ya Kubanın roluna dair müxtəlif nəzəriyyələr ortaya atılıb. Bəziləri bunu Kennedinin həyat yoldaşı Jaklin Kennedi və ya həmin dövrdə böyük şöhrət qazanan Merlin Monronun müəmmalı ölümü ilə əlaqələndirir. Həmçinin, “Kennedi lənəti” anlayışı da mövzuya əlavə bir müəmma qatır.

Dünən isə Donald Trampın JFK qətli ilə bağlı məxfi sənədlərin tam şəkildə dərc olunması ilə bağlı fərmanı böyük rezonansa səbəb oldu. Tramp bildirib ki, amerikalılar həqiqəti bilməyə layiqdir. Bu qərar tarixin ən qaranlıq səhifələrindən birinə işıq sala bilər, lakin əsas sual budur: Sənədlərin hamısı açıqlanacaqmı?

Əgər bu sənədlər tam şəffaf şəkildə yayımlansa, bir neçə vacib nəticə ortaya çıxa bilər. İlk növbədə, illərlə mövcud olan sui-qəsd nəzəriyyələri təsdiq və ya təkzib oluna bilər.

Bu, təkcə ABŞ-nin siyasi tarixinə deyil, həm də beynəlxalq münasibətlərə yeni baxış gətirə bilər. Digər tərəfdən, açıqlanan sənədlər ABŞ hökumətinin daxili proseslərini və həmin dövrdə siyasi balansı açıq şəkildə ortaya qoya bilər.

Bununla yanaşı, bu məlumatlar hökumətə olan etibarı həm artıra, həm də sarsıda bilər. Əgər rəsmi versiyanın yanlış olduğu ortaya çıxsa, cəmiyyətin hökumətə inamı ciddi zərbə ala bilər. Üstəlik, bu sənədlər digər mühüm tarixi hadisələrin– Robert Kennedi və Martin Luter Kinq-in qətli ilə bağlı yeni araşdırmalara təkan verə bilər.

Norman Lyuisin “Siciliya mütəxəssisi” kitabındakı təyyarənin dənizə qərq olması mənə həmişə o təyyarənin bir daha işıq üzü görməyəcəyinə dair bir əminlik hissi verirdi. Lakin indi vəziyyət fərqlidir. Bu dəfə həqiqət dənizin dibində qalmaq əvəzinə, üzə çıxmağa çox yaxındır. Dünya nəhayət ki, bu sirri çözmək ərəfəsindədir. ABŞ və dünya artıq cavab gözləyir. Cavab isə, bəlkə də, düşündüyümüzdən də yaxındır.\\Sfera.az

Seçilən
6
50
nocomment.az

10Mənbələr