AZ

Qvardiola: “Çempionlar Liqasına vəsiqə qazansaq, çempionuq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in oyun böhranı yaşadığı çətin dövründə verdiyi açıqlaması ilə diqqət çəkib.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis “Mançester Siti”nin növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana biləcəyi halda, bunun ötən illərin çempionluq qənimətinə bərabər olacağını bildirib:

“Mən “Mançester Yunayted”də nələrin baş verdiyini bilmirəm, amma xatırlayıram ki, Joze (Mourinyo) İngiltərə Premyer Liqasında ikinci yeri tutmasının (2017/2018-ci illər mövsümü) ən böyük uğur olduğunu dəfələrlə deyib. Mən onu tamamilə başa düşürəm. Rodri və müdafiəçilərin əlçatan olacağı vaxtda, biz qurtulacağıq.

Bəzən hazırda olduğu kimi vəziyyətlər yaranır. Onların öhdəsindən gəlmək gərəkdir. Əlbəttə ki, bu (Çempionlar Liqasına vəsiqə verən ilk dördlüyə düşmək – redaktorun qeydi), böyük bir uğur olacaq. Mən düşünürəm ki, rəhbərlik, idman direktoru, oyunçular bunu başa düşürlər”, deyə Xosep Qvardiola vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə keçirdiyi 22 oyunda 38 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Şəhərlilər”i 40 xalla 4-cü pillədə qərarlaşmış “Çelsi”dən 2 xal ayırır.

Əlavə edək ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu, 8-ci turu ərəfəsində çox çətin vəziyyətdədir. “Şəhərlilər” 7 oyundan 8 xalla 25-ci pillədə qərarlaşıblar, bu isə yarışın ələmə mərhələsinə vəsiqə vermir. Sonuncu turda “Mançester Siti”ni evdə “Brügge” ilə ölüm-dirim mübarizəsi gözləyir.

Seçilən
31
3
arena.az

10Mənbələr