AZ

Ermənistanın xəndək hazırlığı - qanlı təxribat planı işə düşür...

Image

Mətləb Salahov: “Kəlbəcər istiqamətində xəndək qazılması barədəki son məlumatlar Paşinyanın sülh əvəzinə müharibəni seçdiyini göstərir”

Ermənistan açıq şəkildə Azərbaycanla hərbi qarşıdurma üçün hazırlıq içərisindədir. Nikol Paşinyan hökümətinin Ermənistanda sərgilədiyi saxta “sülhsevər” görüntünün tam əksinə olaraq Azərbaycanla sərhəddə artıq xəndəklər qazılır, hərbi hərəkətlilik müşahidə olunur. Ən son məlumat kimi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində xəndəklər qazdıqları barədə xəbərlər yayılır.  Bu barədə "Bez Tormozov" Teleqram kanalı foto sübutlar yayımlayıb. Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir. Bu məlumatın özü artıq rəsmi İrəvanın 44 günlük müharibədən sonra revanş üçün məkrli planlar hazırladığını göstərir. Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında bəyan edib ki, əldə edilən son məlumatlar da təsdiq edir ki, N.Paşinyan höküməti sülh müqaviləsi əvəzinə qanlı müharibə hazırlığı içərisindədir. M.Salahov qeyd edib ki, hazırda Rusiya ilə açıq mübarizə yolunu tutan və Qərbə tərəf yuvarlanan N.Paşinyan, marionet siyasi fiqur kimi bütün təkliflərə açıq şəxsdir.”Rəsmi İrəvan yalançı sülh bəyanatlarının arxasında açıq müharibə planları üzərində baş sındırır. Bu, qaçılmaz və real mənzərədir.
  Ənənəvi məkrli erməni hiyləgərliyinə xas bir şəkildə N.Paşinyan və onun komandası son siyasi addımlarında Azərbaycanla sülh müqaviləsinə hazırlaşmaq əvəzinə bölgədəki maraqlı qüvvələrin təlimatları əsasında hərbi təxribat üçün dəstək axtarışına çıxıblar. Təkcə yeni ilin son iyirmi günündə hazırkı Ermənistan hökümətinin addımlarına nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. Həm XİN rəhbəri Ararat Mirzoyanın, həm erməni spiker Alen Simonyanın səfərləri və açıqladıqları fikirlər erməni rejiminin sülh müqaviləsi əvəzinə müharibə hazırlığı gördüyünə işarədir. Xüsusilə ABŞ Administrasiyası ilə tərəfdaşlıq müqaviləsinin imzalanması və ABŞ əsgərlərinin Ermənistana yollanmaları prosesin kifayət qədər ciddiliyindən xəbər verir. Ermənistanla tərəfdaşlıq müqaviləsinin imzalanması təkcə artıq keçmişdə qalan Co Bayden administrasiyasının istəyi deyildi. ABŞ kimi nəhəng dövlətdə şəxsi fikirlər deyil, dövləti maraqlar əsas götürülür. Bu müqavilə ABŞ-ın Ermənistanla bağlı gələcək planlarına daxil olan məsələ idi. Bu yerdə “Bunu C.Bayden istəyirdi, Donald Tramp gəldi, bu tərəfdaşlıq ancaq kağız üzərində qalacaq” kimi sadəlövh fikirlərə qəti yer yoxdur.
   Əvvəla ona görə ki, bu tərəfdaşlıq məsələsi ABŞ-ın dövləti adından imzalanıb. Sonrası da biz D.Trampın gələcəkdə Ermənistanla bağlı hansı mövqe tutacağını bilmirik. Bir çoxlarının guya D.Trampın “Putinpərəsət” siyasət yürüdəcəyi, Ərdoğanla möhkəm dost olduğu və buna görə bizə də ən azı loyal münasibət sərgiləyəcəyini iddia etmələri tam əsassızdır. Kanadanı ciddi cəhdlə ABŞ-a birləşdirmək üçün hərəkətə keçən, ilk prezidentlik günündə dünyanı heyrətə salan qərarlar imzalayan bir liderin Azərbaycanın və Türkiyənin dostu olacağına da zəmanət-filan yoxdur. N.Paşinyanın bu gün Kəlbəcər yaxınlığında xəndəklər qazdırması da təsadüfən, yaxud onun öz kasad “beyin fantaziyası” sayılmamalıdır. Siyasətdən azacıq anlayışı olan hər kəs son proseslərdən sonra “Torbada pişik” var qənaətinə gəlir. Xüsusilə son bir ildə Qərbdən, Fransa və Hidistandan ən yeni silah növləri alan Ermənistan rejimi Cənubi Qafqaz planları üçün əsas marionet ölkə imici qazanıb. Xüsusilə ABŞ, Avropa İttifaqından yüz milyonluq “ianələr” qoparan N.Paşinyan hakimiyyəti sözün tam mənasında özünü Qərbdəkilərə təslim edib.

Qərbin işğalçı dövləti açıq şəkildə müasir hərbi texnika ilə təmin etməsi Ermənistanın müharibə həvəsini yetərincə gücləndirib. Nəzərə almaq lazımdır ki, sözügedən dövlətlər, Ermənistana təkcə kütləvi qırğın silahı deyil, həm də özlərinə sərf edən təlimatlar verirlər. Şübhəsiz ki, bu təlimatın arxasında Cənubi Qafqazı nəzarət altına almaq istəyi durur. Vəziyyətin bu cür davam etməsi Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh müqviləsinin bağlanma ehtimalını da sıfıra endirir. Ermənistanın xarici havadarlarının dəstəyindən şirnişərək belə bir addım atması istisna olunmur. Prosesin belə davam etməsi hansısa mərhələdə yeni regional savaşa yol aça bilər. Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh prosesinin pozulmasına görə mövcud situasiyada məhz ABŞ, Avropa Birliyi və Fransa birbaşa siyasi məsuliyyət daşıyırlar. Riyakar siyasət yürüdün bu dövlətlər sözdə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiklərini bəyan etsələr də əməldə sülh mövzusu üzərindən manipulyasiya edirlər. Belə görünür ki, bu proses artıq finniş xəttinə yaxınlaşır."

Namiq Quliyev






Seçilən
9
50
baki-xeber.com

10Mənbələr