1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin son zamanlar sosial şəbəkədə uşaq istismarı və qadın qətlləri ilə bağlı kəskin paylaşımları ilə gündəmə gələn məşhur müğənnisi və aktrisası Gülben Ergen polisə ifadə verməyə çağırılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün sosial şəbəkə hesabından xəbər verib.
Aktrisanın sözlərinə görə, o, Tekirdağda cinsi istismara məruz qalaraq həyatını itirən iki yaşlı Sıla ilə bağlı sosial şəbəkədə paylaşdığı fikirlərə görə şikayət edilib.
"Prokurorluqdan evimə bir tvitə görə ifadə verməyə getməyim üçün sənəd gəlib. Mövzu nədir, bilin görək. Təcavüz səbəbindən xəstəxanada can verən iki yaşındakı Sıla. Haqqımda şikayət varmış. Kaş ömrümdən ömür verə biləydim ikiyaşlı kiçik mələyə... Gedəcəyəm, əlbəttə, prokurorluğa!" - deyə o, paylaşımında vurğulayıb.
Qeyd edək ki, sözügedən paylaşımda məşhur aktrisa belə yazmışdı:
"İnsan simalı məxluqlar, Sılaya necə qıydınız? Körpədir o, körpə!"
Xatırladaq ki, Tekirdağın Malkara rayonunda şiddətə və cinsi istismara məruz qalan iki yaşlı Sıla müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi. Bu hadisə Türkiyədə böyük əks-səda doğurmuş, ictimaiyyət tərəfindən sərt tənqid olunmuşdu.