AZ

Yelisey Sarayının Azərbaycana qarşı bayağı şantaj siyasəti ikrah doğurur

Fransanın yüz illərdir davam edən məkrli neokolonialist siyasəti dünyanın ayrı-ayrı bölgələrində yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıyıb. Yelisey Sarayı bu iyrənc assimilyasiya siyasətini Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqli formalarda həyata keçirib. Çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Assimilyasiya siyasəti fransız müstəmləkələrinin yerli əhalisinə də tətbiq edilərək, onları Fransa vətəndaşlarına çevirmək məqsədi daşıyırdı.

İnkarolunmaz həqiqətdir ki, assimilyasiya siyasəti fransız müstəmləkələrində insan hüquqlarının kobud şəkildə pozulmasına, bu ərazilərdə yerli xalqların kimliyinin silinməsinə, həmin dövrdə ailələrin dağılmasına, eləcə də bir neçə nəslin sabitliyinin pozulmasına səbəb olub.  Fransanın istismarçı neokolonialist siyasəti nəticəsində müstəmləkə xalqları sözün əsl mənasında assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.

Sirr deyil ki, Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi müdaxiləni, törətdiyi soyqırımının bənzərini Yeni Kaledoniyada kanaklara qarşı etməyə çalışır. Keçmişi qətliamlarla dolu olan rəsmi Paris, görünür, növbəti soyqırımına imza atmaq niyyətindədir. Belə vəziyyətdə beynəlxalq təşkilatlar Kaledoniya xalqına qarşı zülmə, assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını bildirməlidir.

Azərbaycan Fransanın müstəmləkəçi siyasətinə qarşı əzmlə mübarizə aparır. Bu məqsədlə Bakı Təşəbbüs Qrupu yaradılıb. Prezident İlham Əliyev 2024-cü il mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: “Biz səsimizi ucaltdıqda-Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Bu gün Fransanın həyasızcasına Azərbaycanı Sakit Okeanadakı adaların işlərinə qarışmaqda ittiham etməsi isə tamamilə absurd və ikrahdoğurucudur. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanı Fransaya qarşı “qəbuledilməz müdaxilə”də günahlandırması bunun bariz nümunəsidir. E. Makron yanvarın 6-da Parisdə səfirlər konfransında çıxışı zamanı bildirib ki, Fransa son aylarda əksər dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücuma məruz qalıb. Elə E.Makrondan təlimat alan Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham etməsi də riyakarlığın pik nöqtəsidir.

Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi rəsmi Parisin səhv və düşünülməmiş siyasətindən xəbər verir. Yaxşı olardı ki, Fransa bu məsələdə başqa ölkələri təqsirləndirmək əvəzinə, özünün səriştəsiz xarici siyasətindən dərs çıxarsın. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir. Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır. O, qeyd edib ki, Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir: “Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini zəiflədir”. Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir”.

Təbii ki, Yeni Kaledoniyanın müstəqillik uğrunda apardığı mübarizə ilə bağlı Azərbaycanı günahlandırmaq heç bir məntiqə sığmır. Bu, rəsmi Parisin ölkəmizə qarşı qərəzli siyasətinin növbəti təzahürüdür. Gerçəklik odur ki, Fransa uzun illərdən bəridir Azərbaycana qarşı qərəzli və riyakar siyasət yürüdür. İstər qırx dörd günlük Vətən müharibəsi, istərsə də müharibədən sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli siyasət aparıb. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən sonra Fransanın ölkəmizə qarşı qərəzli addımlarının sayı daha da çoxalıb. Bu gün Fransanın xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar məhz həmin aqressiyadan qaynaqlanır.

Bu gün bütün dünyaya özünü sülh, demokratiya, insan haqları uğrunda mübariz kimi sırımaq üçün bütün çirkin vasitələrdən istifadə edən Fransa Azərbaycanı şantaj etmək əvəzinə, yüz illərdən bəri müstəmləkələrdə, eləcə də Yeni Kaledenoyida törətdiyi cinayətlərə görə üzr istəməli, istismarçı neokolonialist siyasətinə son qoymalıdır.

Zahid Rza, “İki sahil”

Seçilən
6
20
ikisahil.az

10Mənbələr