Dünya İqtisadi Forumunun 55-ci toplantısı ölkəmizin son bir ildə qazandığı uğurların hesabatını təqdim etdi
Dünya İqtisadi Forumu sayca 55-ci toplantısını başa vurdu. «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında keçirilən toplantıda beş istiqamət üzrə aparılan müzakirələrdə bu çağırış səsləndirildi ki, hədəflərə nail olmaq üçün səylər birləşdirilməli, yeni əməkdaşlıq formatları yaradılmalı, eyni zamanda, mövcud tərəfdaşlıq əlaqələri yeni prioritetlər üzrə inkişaf etdirilməlidir. Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, Dünya İqtisadi Forumunun mütəxəssisləri tərəfindən mütəmadi «dövlətlərin qlobal rəqabətə davamlılığı» adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. Azərbaycan daim Dünya İqtisadi Forumunun hesabtlarında hər iki göstərici üzrə liderliyini qoruyur. Rəqabətqabiliyyətli iqtisadiyyata malik olan Azərbaycanın təkmil inkişaf modeli daim təqdir edilir.
Hər bir ölkənin inkişafında iqtisadiyyat əsas faktordur. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinlikdən uğurla çıxmağı şərtləndirir. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı, həmçinin 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirləri hər bir ölkənin malik olduğu imkanların təqdimatında öz sözünü dedi. Dünya dövlətləri iqtisadi və maliyyə böhranını yaşadığı halda, Azərbaycan iqtisadi artımı ilə diqqətdə oldu. Koronavirus infeksiyası ilə mübarizə tədbirləri də bu məqamlara işıq saldı. Azərbaycan ilk gündən insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini əsas hədəf kimi qarşıya qoydu və bu çağırış da səsləndirildi ki, heç bir sosial layihə təxirə salınmayacaq.
Bu gün Azərbaycanın şaxələndirmə siyasətini uğurla həyata keçirən, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınmasında neft-qaz sektounda qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. İllər keçdikcə ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə həyata keçirdiyi enerji layihələrinin uğurlu icrası nəticəsində qaz ixracatçısı kimi də tanınmağa başladı. Neft-qaz resurslarından əldə edilən gəlirin düzgün istiqamətləndirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından dünyanın diqqətindədir. Son 21 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar vəsait yatırılıb ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Azərbaycan bu gün xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. Dünya İqtisadi Forumu çərçivəsində keçirilən «COP30-a gedən yol» mövzusunda plenar iclasda Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransının nəticələrinin növbəti COP-lar üçün stimul olduğu xüsusi vurğulandı.
2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlar gələcəkdə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcək. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər.
Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Ən önəmlisi odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.
Azərbaycanın tarixi Zəfərindən sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin daha da aktuallaşması diqqətdən kənarda qalmır. Bu, bir daha hər dövrün öz tələbi, çağırışı olduğunu nümayiş etdirir. İstər ötən il, istərsə də bu il ənənəvi keçirilən Davos Forumunun toplantılarında da Azərbaycanın malik olduğu yaşıl enerji potensialı geniş müzakirə edildi. Azərbaycan bu il də Davosdan yaşıl enerji təchizatçısına çevrilmək üçün hədəflərini açıqladı.
Zəngin resurslarımız Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır. Sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu reallığı diqqətə çatdırır ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?
Azərbaycanın tarixi Zəfərindən sonra dayanıqlı iqtisadi inkişafını təmin etməsi üçün daha geniş imkanlar yaranır. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmi nəzərə alınmaqla, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan rayonları işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfə verəcək. O da məlumdur ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazilərdədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.
Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncamın imzalanmasında məqsəd bu torpaqlarda mövcud olan yüksək bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün həmin ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır. Atılan hər bir addım Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsinə xidmət edir. Ölkəmizin zəngin enerji potensialı hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.
Təbii ki, hər bir uğurumuzu şərtləndirən əsas amillərdən biri ölkədə sabitliyin mövcudluğudur. Təbii ki, sabitlik olmayan ölkələrə sərmayə qoyuluşu tərəddüdlərlə müşayiət olunur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələri şərtləndirən əsas amillərdən biri ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Təsdiqlənən Dövlət proqramları, İnkişaf strategiyaları, Milli Prioritetlər, ən əsası iqtisadi rayonların bölgüsünün yenidən aparılması yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə, onların uğurlu sonluqla başa çatdırılaraq yeni istəklərin, məqsədlərin ortaya qoyulmasına istiqamətlənib. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarının icrası bölgələrin malik olduqları potensialdan səmərəli istifadəni təmin etdi. Artıq 4 Dövlət Proqramı icra edilib. Bu Dövlət Proqramlarının icrası nəticəsində 2 milyondan artıq yeni iş yerinin yaradılması özlüyündə işsizlik probleminin həlli deməkdir. Hazırda işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Özünüməşğulluq proqramları uğurla icra edilir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi üçün ABAD mərkəzlərinin coğrafiyası genişlənir. Bu mərkəzlərin dəstəyi əsasında rəqabət gücləndirilib, hər bir ailə öz məhsulu ilə bazarlara çıxmağa səy göstərir. Sağlam rəqabət bazarlara çıxarılan məhsulların kəmiyyəti ilə yanaşı, keyfiyyətlərinə də öz müsbət təsirini göstərir. Bu faktlar bir daha göstərir ki, sosial müdafiənin gücləndirilməsi prioritetdir. Dövlət hər bir vətəndaşının yanında olaraq ona dəstəyini bu və ya digər formada ifadə edir.
Azərbaycanın sosial-iqtisadi uğurları siyasi mövqeyinin möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi imkanlarının qısa təhlili hazırda beynəlxalq tədbirlərdə əsas diqqətin hansı səbəbdən Azəçrbaycana yönəldildiyini bir daha diqqət çatdırmaqdır. Bunun üçün dövlət başçısı İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərinə diqqət yetirmək kifayətdir. Hər bir görüş Azərbaycana, Prezident İlham Əliyevə böyük etimadın təqdimatı oldu. Azərbaycanla ayrı-ayrı sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğu əsaslı şəkildə diqqətə çatdırıldı. Bu reallıq bir daha öz təsdiqini tapdı ki, ölkəmiz bütün sahələrdə zəngin təcrübəsi ilə dünyanın diqqətindədir. Kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafın təmin edilməsində öz sözünü deyir. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin ölkələr, xalqlar arasında yeni körpülərin salınmasında əhəmiyyətli rolu xüsusi diqqət göstərilən məsələlər sırasında oldu. Onu da qeyd edək ki, Azərbaycan Dünya İqtisadi Forumunun hesabatlarında tranzit imkanlarına görə də liderliyini qoruyur. Belə ki, həmin hesabatlarda ölkəmiz inkişaf etməkdə olan 74 ölkə arasında infrastruktur layihələri ilə bağlı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir.
Azərbaycanın iqtisadi imkanlarının artması fonunda siyasi mövqeyinin möhkəmlənməsi beynəlxalq tədbirlərdə, forumlarda fəal iştirakında, söz sahibliyini təsdiqləyən mühüm addımlarda, həmçinin beynəlxalq qurumlara üzv seçilməsində özünün aydın ifadəsini tapır. Qeyd edək ki, Azərbaycan hər zaman Davos Forumunun toplantılarına mühüm uğurlarla qatılır. Ötən toplantıdan builki toplantıya qədər ölkəmizin iqtisadi, siyasi uğurlarının miqyasına diqqət yetirmək üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan COP29 iqlim konfrasına ev sahibliyi ilə dünyanı iki həftə ərzində Bakıya topladı. 197 ölkədən 76 min qeydiyyatdan keçmiş iştirakçının qatıldığı bu tədbirə 80 dövlət və hökumət başçısının gəlməsi Azərbaycanın nüfuzunun təqdimatı oldu. Ölkəmizin qısa zamanda tədbirə hazırlığını və yüksək səviyyədə həyata keçirməsini iştirakçılar böyük məmnunluqla qeyd etdilər. Bakı nailiyyəti iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.
İqlim konfransında yüksək nəticələrin ardınca ötən ilin 19 dekabr tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdar oldu. D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Bu çərçivədə, həmçinin regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynayan, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsinə, İslam dəyərlərinin dünyada təbliğinə və islamofobiya ilə mübarizəyə böyük töhfə olacaq. O da məlumdur ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci ildə İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.
Dövlətimizin başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində «D-8-ə üzvlük Azərbaycan üçün nə deməkdir, bizim ölkəmiz üçün hansı perspektivlər açır» sualını cavablandırarkən bildirdi ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.
Göründüyü kimi, Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində uğurlarımız davamlılığı ilə diqqətdədir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirdə əsas diqqətin ölkəmizə yönəldilməsi Azərbaycanın nüfuzunun göstəricisidir. İqtisadi və siyasi islahatların paralelliyi fonunda hədəflərə yüksək səviyyədə nail olunur. Yeni çağırışlar bugünümüzün və gələcək perspektivlərin təqdimatıdır.
Yeganə Əliyeva, «İki sahil»