Bakı, TurkicWorld
2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 77 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 şirkət çoxdur.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 52 milyon 810 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 28 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (75) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 50 milyon 610 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 40 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.