Qırğızıstan hakimiyyəti dövlət qulluğunda qırğız dilini bilməmək problemini həll etməyi təklif edir.
Hafta.az-ın yazdığına görə, Qırğızıstanın Dövlət Dili üzrə Milli Komissiyasının rəhbəri Melis Muratəliyev respublikanın ali məktəblərində qırğız dilində təhsilin tətbiqi təşəbbüsü ilə çıxış edib. O, bunu parlamentin Konstitusiya qanunvericilik və dövlət quruluşu komitəsinin iclasında bildirib.
Muratəliyev vurğulayıb ki, tələbələrin əksəriyyəti rus dilində təhsil alır və bu, qırğız dilində sənədləşmə ilə bağlı dövlət qurumlarında işləyərkən çətinliklərə səbəb olur. Ona görə də bu problemi həll etmək üçün komissiya Təhsil Nazirliyinə artıq məktəblərdə olduğu kimi qırğız dilində təlim proqramlarının tətbiqini təklif edib.
O, həmçinin mərhələli keçidin vacibliyini qeyd edərək, tələbələr arasında bilik səviyyəsinin yüksəldilməsi üçün dövlət dilində ayrıca mühazirələrlə başlamaq barədə təklif irəli sürüb. Komissiya rəhbərinin sözlərinə görə, bu cür tədbirlər dövlət qulluğunda qırğız dilini bilməklə bağlı vəziyyəti dəyişməyə kömək edəcək.