AZ

RUS MƏKTƏBLƏRİNİ BAĞLAMAĞIN VAXTI ÇATMAYIB?! – Büdcədən hər il rus dilində təhsilə nə qədər xərclənir?

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində rus məktəblərinin bağlanması məsələsi yenidən gündəmə gəlib. Əksər istifadəçilər ibtidai siniflərdə rus dilində tədrisin dayandırılmasını tələb edirlər. Bu tələblə çıxış edənlərin əsaslandığı arqumentlər isə müxtəliflik təşkil edir.

Böyük bir kəsim hesab edir ki, uşaq yaşlarından ana dili əvəzinə, şagirdlərə rus dilinin tədris olunması onların milli kimliklərini, Azərbaycana olan bağlılıqlarını təhlükə altına atır. Rus dilinin tarix boyu millətimizə, dövlətimizə qənim kəsilən, məlum təyyarə hadisəsində isə bunu bir daha sübut edən Rusiyanın imperiya maraqlarına xidmət edən bir alət kimi istifadə olunduğunu düşünürlər. İnsanlar bu kimi səbəblərdən haqlı və təbii olaraq ana dilimizin öncəlik olmasını tələb edirlər.

Lakin yenə sosial mediada bu fikirlərə qarşı çıxan, fərqli arqumentlərlə bu tələbin doğruluq payını kölgə altına salmaq istəyən bir kəsim də mövcuddur. Öncəliyi rus dilində təhsilə verdiyi şübhə doğurmayan bu kəsimin əsas cılız arqumenti isə odur ki, guya Tolstoyun, Puşkinin əsərlərini, ümumən desək rus ədəbiyyatını daha dərindən anlamaq üçün hökmən rus dilində təhsil almaq lazım imiş… Bu kəsimin düşüncəsinə görə, dövlət büdcəsindən hər il milyonlarla vəsait ayrılmalıdır ki, biz öz tariximizi, ədəbiyyatımız kənara qoyub, rus mədəniyyətinin incəliklərinə öyrənməyə yönələk…

Yeri gəlmişkən rus dilində təhsil üçün dövlət büdcəsindən ayrılan məbləği açıqlamaqda da fayda var. Hər halda büdcəyə vergi ödəyən vətəndaşlar üçün də hər il bu sahəyə nə qədər vəsait yönləndirildiyini bilmək maraqlı olardı. Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Azərbaycanda ümumi təhsil müəssisələrində 1 619 335 şagird təhsil alır. Cari tədris ilində 160 min şagirdin rus dilində təhsil aldığı bildirilir. Bu, o deməkdir ki, rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 9,8 faiz təşkil edir. 2025-ci ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinə ayrılan vəsaitin həcmi 4,94 milyard manatdır. Buradan o nəticəyə gəlmək olar ki, 480 milyon 200 min manat rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir və bu məbləğ hər il aşağı-yuxarı bu miqdarda olur…

Rus dilində təhsil verən məktəblər publik hüquqi şəxslərə çevrilsin

Rus dili tərəfdarları arasında geniş yayılan ikinci arqumentə gəlincə, özlərini “intiligent” sayan “rusbaşlar” rus dilinin əleyhinə olanları “cahil insanlar” hesab edir, rus dilində danışmalarını üstünlük kimi təqdim edirlər. Bəziləri bunu öz qıt düşüncəsi iə edirsə, bəziləri də “Rus evi”ndən, Moskvanın emisarlarından aldıqları təlimatlarla həyata keçirir.

Təbii ki, fərqli dillərdə danışmaq bacarığı müəyyən üstünlük hesab oluna bilər. Amma Ana dilini, tarixini aşağılayıb, başqa bir dilin (həm də ölkəmizi uzun illər işğalda saxlayan bir ölkənin dilinin) təbliğ edilməsi, vətəndaşların vergiləri hesabına formalaşan büdcədən bu istiqamətə vəsait yönləndirilməsi, məqsədindən asılı olamayaraq, qəbulediməzdir. Fərdi qaydada istənilən şəxs öz vəsaiti hesabına gedib istədiyi dili öyrənə bilər və buna heç kim qarşı da çıxmır. Ancaq bu dilin “fövqəltəbii” vacibliyini qabardıb, orta məktəblərimizdə əsas dil kimi tədris olunması, təhsil sistemimizin bir parçasına çevrilməsi normal və anlaşılan bir durum deyil.

Büdcəni bu yükdən azad etməyin vaxtı çoxdan çatıb. Rus dilində təhsil verən məktəbləri publik hüquqi şəxslərə çevirmək, təhsili isə ödənişli etmək lazımdır. Kim övladının dövlət dilində deyil, rus dilində təhsil almasını istəyirsə, bunu ödənişli əsaslarla həyata keçirməlidir.

Hər halda təəssüflə etiraf etməliyik ki, hələ də cəmiyyətimizdə “rusbaşların”, kölə psixologiyasına malik olan, öz milli kimliyini aşağılayanların sayı kifayət qədərdir və onların sayəsində rus dili, əvvəlki qədər olmas da, öz populyarlığını qoruya bilib.

Əslində burada da bəzi dövlət və özəl qurumların rəhbərlərinin “fəaliyyətləri” ciddi rol oynayır. Belə ki, rus dilində danışanlara xüsusi üstünlük verilməsi, onların irəli çəkilməsi, hətta rus dilini bilməyənlərə yuxarıdan baxılması bir çox valideynləri uşaqlarını rus dilində təhsilə yönləndirməyə təşviq edir. Əlbəttə ki, müxtəlif dövlət idarələrində, şirkətlərdə “beşinci kolon”un tör- töküntüləri hələ də qalır və bu siyasəti həyata keçirən də onlardır. Məhz onlar rus dilini bu gün bütün dünyanın beynəlxalq danışıq dili olaraq qəbul etdiyi ingilis dilindən belə üstün tutub, iş elanlarında “rus dili biliyi mütləqdir” tələbini qoyur, rəhbərlik etdikləri qurumlarda rusdilliləri irəli çəkirlər. Bu da rus dilinin təbliğində böyük rol oynayır…

“Nəyə görə öz uşaqlarımızı bədbəx eləməliyik?”

Xalq yazıçısı Sabir Rüstəmxanlının fikrincə, ölkədə fəaliyyət göstərən rus məktəbləri dövlət büdcəsindən maliyyələşməməlidir: “Azərbaycan Respublikasının Konstitusiyasında bu məsələ təsbit olunub. Ölkədə təhsil dili dövlət dili, yəni Azərbaycan türkcəsidir, Azərbaycan dilidir. Başqa xalqlar da öz məktəblərini aça bilərlər, ancaq o məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Onlar başqa şəkildə, təsisçiləri tərəfindən maliyyələşdirilməlidir.

Yaxşı, deyək ki, buna da müəyyən bəhanələr tapırlar ki, yox, o məktəblər də maliyyələşə bilər. İndi Azərbaycanda rus məktəblərinə az qala xüsusi statuslar verilir…. Müstəqil dövlətdə rus məktəblərinin sayını getdikcə artırmaq nə deməkdir? Əhalisinin 100-də 30-u rus olan Latviyada rus məktəbləri ümumiyyətlə, yoxdur, ləğv olunub, bütün məktəblər dövlət dilindədir. Amma bizdə ildən-ilə bunun sayı artırılır. Hara qayıdırıq? Təzədən SSRİ-yə, ya Rusiyanın tərkibinə qayıdacağıq? Bu, nə deməkdir?

Təəssüf ki, həmin rus məktəblərində oxuyanların doxsan-doxsan beş faizi Azərbaycan uşaqlarıdır. Bizim uşaqlarımızı niyə bədbəxt edirlər? O uşaqlar burada yaşayacaqlarsa, öz dillərini niyə bilməməlidirlər? Yoxsa onların hamısını Rusiya vətəndaşı kimi yetişdirmək istəyirlər? O məktəblərdə Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı dərslər hansı səviyyədədir, oranı qurtaranlar öz tarixlərini, mədəniyyətlərini nə səviyyədə bilirlər, bizə məlumdur.

Ortaya tez-tez belə bəhanələr atırlar ki, ziyalılarımızın içində rus məktəblərini qurtaranlar da var. Ancaq onlar tək-təkdir. Yerdə qalanları ondan da olur, bundan da… Yəni qalır ortada. Nəyə görə öz uşaqlarımızı bədbəx eləməliyik?”.

“Dövlət dilinin mövqeyi daha da gücləndirilməlidir”

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov  şərhində bildirib ki, Azərbaycanda rus dilində təhsil məsələsi uzun illərdir müzakirə olunur və bu mövzu geosiyasi proseslərin təsiri ilə daha da aktuallaşıb: “Son illər Rusiya ilə münasibətlərdə yaranan gərginlik fonunda bu müzakirələr yenidən gündəmə gəlib və media orqanlarında rus məktəblərinin sayının azaldılması ilə bağlı çağırışlar səsləndirilməyə başlanılıb. Eyni zamanda, bir çox keçmiş postsovet ölkələrində rus dilində təhsilin məhdudlaşdırılması istiqamətində konkret addımlar atıldığını müşahidə edirik. Bu kontekstdə Azərbaycanda da rus məktəblərinin gələcəyi ilə bağlı müzakirələrə obyektiv yanaşmaq vacibdir. Son illərin statistikasına nəzər salsaq, Azərbaycanda rus dilində təhsil alanların sayında müəyyən azalma tendensiyası mövcuddur. Valideynlər övladlarının gələcək imkanlarını nəzərə alaraq Azərbaycan və ingilis bölməsinə üstünlük verməyə başlayıblar. Bunun əsas səbəblərindən biri qlobal əmək bazarında ingilis dilinin dominant mövqeyidir”.

Ekspert də qeyd edir ki, Azərbaycanın təhsil sistemində rus bölməsinə olan dövlət dəstəyi hələ də qalmaqdadır və bu, rusdilli təhsilin tamamilə sıradan çıxmasını əngəlləyir: “Məsələni hüquqi çərçivədə qiymətləndirdikdə, Azərbaycan Respublikasının Konstitusiyasının 45-ci maddəsinə əsasən, vətəndaşların ana dilində təhsil almaq hüququ təmin edilir, eyni zamanda digər dillərdə də təhsil almaq hüququ qorunur. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində də qeyd edilir ki, təhsil Azərbaycan Respublikasında dövlət dili ilə yanaşı digər dillərdə də həyata keçirilə bilər. Bu, rus bölməsinin hüquqi legitimliyini təmin edir və onun inzibati yollarla bağlanmasının hüquqi əsaslarını zəiflədir”.

Ekspert qeyd edir ki, Rusiya ilə iqtisadi və ticarət əlaqələrinin geniş olması da bu dili bilən mütəxəssislərə ehtiyacın qalmasına səbəb olur. Ancaq buna baxmayaraq bəzi postsovet ölkələrində artıq bu dilin tədrisindən imtina olunub.

“Baltikyanı ölkələrdə isə rusdilli təhsilin məhdudlaşdırılması prosesi daha sərt şəkildə aparılıb. Məsələn, Latviya və Estoniyada rus məktəblərinin sayı azaldılıb və tədrisin əksəriyyəti yerli dillərdə aparılmağa başlanıb. Bu ölkələrdə belə addımların atılması milli kimliyin qorunması və yerli dilin gücləndirilməsi məqsədi daşıyırdı”,-deyə ekpsert bildirib.

K. Əsədovun sözlərinə görə, Azərbaycanda vəziyyət bir qədər fərqlidir – burada rus dilində təhsil inzibati yolla məhdudlaşdırılmayıb, daha çox cəmiyyətin təbii seçimi nəticəsində azalma baş verir:“Hazırkı reallıqda Azərbaycanda rus məktəblərinin sayının inzibati yollarla azaldılması və ya rus dilində təhsilin məhdudlaşdırılması ehtimalı az görünür. Əksinə, rus bölməsində təhsil alanların sayının azalması daha çox təbii proseslər nəticəsində baş verir. Valideynlərin seçimləri, əmək bazarındakı tələblər və cəmiyyətin ümumi tendensiyaları bu istiqamətdə əsas müəyyənedici faktor rolunu oynayır. Bu baxımdan, dövlətin əsas rolu balanslı siyasət aparmaq və ana dili olan Azərbaycan dilinin prioritetliyini qorumaqla yanaşı, çoxdilli təhsil imkanlarını da məhdudlaşdırmamaq olmalıdır. Nəticə etibarilə, rus dilində təhsilin gələcəyi təkcə siyasi qərarlardan deyil, həm də cəmiyyətin sosial-iqtisadi reallıqlarından və təhsil sahəsindəki qlobal trendlərdən asılıdır. Əgər gələcəkdə rus bölməsinə olan tələbat daha da azalarsa, bu məktəblərin sayı da təbii yolla azalmış olacaq. Əsas prioritet isə keyfiyyətli təhsilin təmin edilməsi və dövlət dilinin mövqeyinin daha da gücləndirilməsi olmalıdır”.

Rus məktəblərində təhsil alanların sayı azalmağa doğru gedir

Məlumat üçün qeyd edək ki, Azərbaycanda rus dilində tədris aparılan məktəblərin sayı və bu məktəblərdə təhsil alan şagirdlərin sayı ildən-ilə dəyişir. Prezident İlham Əliyevin 19 avqust 2024-cü il tarixli bəyanatına əsasən, hazırda ölkədə 324 məktəbdə tədris rus dilində aparılır və bu məktəblərdə təxminən 160 min şagird təhsil alır. Rəsmi statistikaya görə, 2023/2024-cü tədris ili üçün rus bölməsinə birinci sinfə qəbul olunan şagirdlərin sayı 11 943 nəfər təşkil edib. Qeyd edək ki, 2017-ci ildən etibarən rus dilində təhsil alan şagirdlərin sayında artım müşahidə olunsa da, son illərdə müəyyən azalma tendensiyası müşahidə olunur.

Həmin tendensiyanı təqdim edirik:

– 2017-ci il: Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, həmin il paytaxt məktəblərində təhsil alan şagirdlərin 17%-i rus bölməsində oxuyurdu.

– 2018-2019-cu tədris ili: Bu dövrdə respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə qəbul olunan 165780 şagirddən 9%-i (təxminən 15,032 nəfər-red.) rus bölməsində təhsil almaq üçün müraciət etmişdi.

– 2021-2022-ci tədris ili: Ölkə üzrə ümumtəhsil müəssisələrinin rus bölməsində təhsil alan şagirdlərin sayı 156 000-dən çox idi ki, bu da ümumi şagird sayının təxminən 10%-ni təşkil edirdi.

– 2022-2023-cü tədris ili: Rus bölməsinə birinci sinfə qəbul olunan şagirdlərin sayı 14989 nəfər olub.

– 2023-2024-cü tədris ili: Bu rəqəm 11,943 nəfərə düşüb, yəni əvvəlki illə müqayisədə təxminən 25% azalma müşahidə edilib.

Son illər keçmiş postsovet məkanında rus dili təsiri zəifləyir

Qeyd edək ki, son illər keçmiş postsovet ölkələrində rus dilində təhsilin məhdudlaşdırılması və ya məktəblərin bağlanması tendensiyası müşahidə olunur.

Məsələn, Ermənistanda müstəqillik əldə etdikdən sonra rus dilində təhsil verən məktəblərin sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 1993-cü ildən etibarən rusdilli məktəblərin bağlanması nəticəsində rus dilini bilənlərin sayında kəskin azalma müşahidə edilib. 2024-2025-ci tədris ilində isə bəzi siniflərdə rus dili əsas xarici dil statusundan çıxarılaraq, seçmə xarici dil kimi tədris olunmağa başlanıb.

Qazaxıstanda isə 2022-ci ildən birinci sinifdən rus dilinin tədrisi dayandırılıb. Ukraynada isə 2019-cu ildə qəbul edilən yeni təhsil qanununa əsasən, milli azlıqların dillərində tədris mərhələli şəkildə məhdudlaşdırılıb və orta təhsilin yuxarı siniflərində tədrisin əsasən ukrayna dilində aparılması qərara alınıb. Bu qanun rus dilində təhsil verən məktəblərin fəaliyyətinə ciddi şəkildə təsir edib.

Gürcüstanda da rus dilində təhsil verən məktəblərin sayı əhəmiyyətli dərəcədə azalıb. Müstəqillikdən sonra milli dilin gücləndirilməsi siyasəti çərçivəsində rus dilini tədris edən məktəblərin bir qismi gürcü dilinə keçib və ya bağlanıb.

Baltikyanı ölkələrə (Estoniya, Latviya, Litva) gəlincə, burada da rus dilində təhsil verən məktəblərin fəaliyyəti məhdudlaşdırılıb. Məsələn, Latviyada 2018-ci ildə qəbul edilən qanuna əsasən, orta məktəblərdə tədrisin tamamilə ana dilində aparılması nəzərdə tutulub ki, bu da rusdilli məktəblərin fəaliyyətinə ciddi təsir edib.“AzPolitika.info”

Seçilən
1
22
veteninfo.az

10Mənbələr