AZ

Bundestaq Birlik partiyalarının miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifini qəbul edib

Berlin, 29 yanvar, AZƏRTAC

Almaniya parlamenti Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqının (CDU/CSU) təqdim etdiyi, miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan qətnaməni qəbul edib.

AZƏRTAC xəbər verir ki, parlamentin iclası Holokost qurbanlarının xatirəsinin anılması ilə başlayıb.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Holokostdan xilas olan Roman Şvartsman çıxış ediblər.

Günortadan sonra Birliyin təqdim etdiyi hər iki qətnamənin müzakirəsi aparılıb.

Qeyd edək ki, keçən il Mannhaym, Zolingen və Maqdeburq şəhərlərində, bir neçə gün əvvəl isə Aşaffenburq şəhərində miqrantlar tərəfindən törədilən və çoxsaylı insan ölümlərinə səbəb olan hücumlardan sonra CDU/CSU tərəfindən iki qətnamə və bir qanun layihəsi hazırlanıb. Birlik partiyalarının parlament seçkilərində Kansler vəzifəsinə namizədi Fridrix Mertsin bu təkliflərin parlamentdə qəbul olunması üçün əvvəllər hər cür əməkdaşlıqdan imtina etdiyi ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) dəstəyini də istisna etməməsi ölkə siyasətində ciddi müzakirələrə səbəb olmuşdu.

Parlamentdə Birliyin iki təklifindən biri - miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qətnamə səsə qoyularaq qəbul edilib. Beş maddədən ibarət bu təklifdə qonşu ölkələrlə quru sərhədlərində fasiləsiz yoxlamaların aparılması, qanunsuz yollarla ölkəyə girməyə cəhd göstərənlərin geri göndərilməsi, sığınacaq üçün müraciət edənlərin ölkəyə girişinə icazə verilməməsi, barələrində Almaniyanı tərk etməsi barədə qərar qəbul olunmasına baxmayaraq, ölkədə qalan şəxslərin dərhal saxlanılması, hər gün Suriya və Əfqanıstan da daxil olmaqla bir sıra ölkələrə deportasiyaların həyata keçirilməsi nəzərdə tutulur.

Birliyin təqdim etdiyi, daxil təhlükəsizliyin təmin olunmasında yeni siyasətin həyata keçirilməsi, o cümlədən təhlükəsizlik qurumlarının səlahiyyətlərinin gücləndirilməsi, IP-ünvanların üç ay ərzində qeydiyyatda saxlanılması, elektron üz tanıma sisteminin geniş tətbiqi və digər məsələlərlə bağlı ikinci təklifi isə Bundestaq tərəfindən qəbul edilməyib.

İttifaqın hazırladığı qanun layihəsi isə iki gün sonra parlamentin müzakirəsinə çıxarılacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
5
2
azertag.az

10Mənbələr