AZ

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb - FOTO

Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə beş dəfə məlumat verilib. Yekunda 1 milyon 874 min 810 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir. Ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb. SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına və “qaynar xətt”ə heç bir şikayətin daxil olmadığını vurğulayan M.Pənahov bütün məntəqələrin vaxtında – saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib. Qeyd edib ki, məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib.

Diqqətə çatdırılıb ki, bələdiyyə seçkiləri keçirilən 118 dairə seçki komissiyasının hamısından, həmçinin 4872 seçki məntəqəsindən, yəni, ümumi məntəqələrin 83,34 faizindən məlumatlar artıq MSK-nın internet səhifəsində yerləşdirilib. Ümumilikdə 660 bələdiyyədən məlumatlar daxil olub. Lider namizədlərin sayı isə 7791 nəfərdir. Ümumilikdə bu vaxtadək tam formalaşmış bələdiyyələrin sayı 413-dür. Bu da ümumi bələdiyyələrin 60,29 faizini təşkil edir. Bu, çox yüksək göstəricidir.

Məzahir Pənahov əlavə edib ki, aşağı seçki komissiyaları öz vəzifələrinin öhdələrindən qısa müddətdə çox yüksək səviyyədə gəliblər. Qalan cüzi məlumatlar daxil olduqca MSK-nın internet səhifəsində yerləşdiriləcək.

“Dairə seçki komissiyalarının protokolları yanvarın 30-dan etibarən MSK-ya daxil olmağa başlayacaq. Bundan sonra biz ilkin protokol məlumatları əsasında ictimaiyyəti nəticələrlə tanış edəcəyik”, - deyə Məzahir Pənahov vurğulayıb.

Seçilən
4
50
sia.az

10Mənbələr