AZ

Bələdiyyə seçkisinə cəmiyyətin maraq dinamikası- 1999-cu ildən bu yana...

Image

İlqar Hüseynli: “Bələdiyyələr ölü doğulmuş bir qurum kimi insanların sosial həyatına daxil oldu”

Məlum olduğu kimi, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. Bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Yekunda 1 milyon 874 min 810 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir.

Bu, 1999-cu ildən indiyə kimi təşkil olunan sayca 6-cı bələdiyyə seçkiləridir. İllər üzrə bələdiyyə seçkilərində seçici fəallığı müxtəlif olub. Azərbaycanda ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. Səsvermədə 4 milyon 312 min 265 nəfər ölkə seçicilərindən 52,6 faizi iştirak edib. Yəni seçici fəallığı 52,6 faiz olub. Seçkilər nəticəsində 20456 bələdiyyə üzvü seçildi. Ölkədə ikinci bələdiyyə seçkiləri 17 dekabr 2004-cu ildə keçirilib. Bu seçkilər dövründə 4 milyon 551 min 346 nəfər səsvermə hüququna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109 min 267 nəfər – 46,34 faiz səs verib. 2009-cu ilin dekabrında keçirilən üçümcü bələdiyyə seçkilərində 1 milyon 466 min 734 seçici səs verib. Bu, ümumi seçicilərin 32,04 faizini təşkil edib. Yəni seçici fəallığı 32,04 faiz olub. 2014-cü ilin 23 dekabrında keçirilən üçüncü bələdiyyə seçkilərində isə seçici fəallığı 38,9 faiz olub. 1 milyon 876 min 14 nəfər ümumilikdə səsvermədə iştirak edib. 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32.69 faiz olub. Ümumilikdə, 1 milyon 626 min 910 nəfər səsvermədə iştirak edib. 

Göründüyü kimi, indiyə qədər keçirilən bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı 52,6 faiz olmaqla 1999-cu ildə qeydə alınıb. Ondan sonrakı dövrlərdə ümumən seçici fəallığı azalıb. Bircə 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 2009-cu il bələdiyyə seçkiləri ilə müqayisədə 6 faiz çox olub. Ondan sonra yenə seçicilərin iştirak fəallığı aşağı düşməyə başlayıb. Yanvarın 29-da keçirilən altıncı bələdiyyə seçkilərində isə ən aşağı seçki fəallığı qeydə alınıb. Bir sözlə, getdikcə seçicilərin bələdiyyələrə inam və etimadı azalır. Bütün bunlar perspektivdə bələdiyyələrə inam məsələsində nə vəd edir?

“Səlahiyyətləri kifayət qədər zəifdir, büdcəsi məhduddur, heç bir iş görmək imkanları yoxdur”

Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bələdiyyə seçkilərinə münasibətdə seçici fəallığının getdikcə aşağı düşməsini bir sıra amillərlə əlaqələndirdi: “Ümumiyyətlə, 1999-cu ildə bələdiyyələr formalaşanda vətəndaşların gözləntiləri daha çox idi. Bu səbəbdən həmin il keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 52 faizdən yüksək idi. Hesab olunurdu ki, bələdiyyələr yeni yaranan bir qurum kimi insanların sosial həyatında çox ciddi dəyişikliklərə gətirib çıxara bilər. Zamanlə tədricən bələdiyyələr bir institut kimi oturuşmağa başladıqdan sonra məlum oldu ki, bələdiyyələrin səlahiyyətləri kifayət qədər zəifdir, büdcəsi məhduddur, heç bir iş görmək imkanları yoxdur. Məlum oldu ki, icra hakimiyyətləri öz səlahiyyətlərini bələdiyyələrlə bölüşmək istəmir, işlərinə müdaxilə edir və s. Hazırda bələdiyyələrin 70 faizdən çoxunun ofisi icarəyə götürülmüş mənzillərdədir. Özlərinin şəxsi ofisləri yoxdur. Bələdiyyə statusu haqqında qanunvericilikdə dəyişikliklər kifayət qədər başa çatmayıb. Səlahiyyətlərin icra hakimiyyətləri ilə bölgüsü başa çatmayıb. Yəni bələdiyyələr ölü doğulmuş bir qurum kimi insanların sosial həyatına daxil oldular. O üzdən, getdikcə bələdiyyələrə maraq azalmağa başladı və insanların gözləntiləri özünü doğrultmadı. İkincisi, seçkili orqanlar seçilməlidir. Ancaq mütəmadi olaraq vətəndaşlar gördülər ki, bələdiyyə şurasının üzvləri konkret olaraq yerli icra hakimiyyəti tərəfindən hazırlanmış siyahılar əsasında təyin edilir və seçki komissiyaları sadəcə olaraq onların üzvlüyünü rəsmiləşdirən bir quruma çevrilib. Yəni bələdiyyə seçkiləri o qədər maraqsızdır ki, insanlarda nə seçici aktivliyi var, nə də bələdiyyə şuralarına üzvlükdə ciddi rəqabət var. Təsəvvür edin, bu il 16091 nəfər bələdiyyə üzvlüyünə namizədliyi qeydiyyata alındı ki, bu da çox kiçik rəqəmdir. Çünki 8071 yerə qarşı bu qədər namizədin olması o deməkdir ki, bir bələdiyyə yerinə üzv olmaq üçün 2 nəfər mübarizə aparıb. Namizədlərin də çoxu hakim partiyanın üzvləri idi. Digər siyasi partiyaların timsalında maraq o qədər azdır ki, bu səbəbdən həm seçici aktivliyi azalır, həm də bələdiyyə üzvləri arasında rəqabət azalır. Bu baxımdan bələdiyyə seçkilərində seçici fəallığı ürəkaçan deyil. O üzdən, bələdiyyələrə marağı artırmaq üçün ciddi seçki, Konstitusiya  islahatlarına ehtiyac var. İnsanların seçki institutuna olan inamını və motivasiyasını bərpa etməyə ehtiyac var”.

Vidadi ORDAHALLI





Seçilən
1
50
baki-xeber.com

10Mənbələr