Mərkəzi Bank bank sektoru üzrə 2024-cü ilin yekun göstəricilərini açıqlayıb.
Qeyd edilib ki, 31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 230 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25 min 363 (ilin əvvəlindən 7.6% və ya 1794 əməkdaş) nəfər təşkil etmişdir.
31 dekabr 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383 milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdur. 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artmışdır.
Kredit portfelinin artımı cari ilin dekabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27 milyard 477.7 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.8% (14 milyard 787.2 milyon manat);
ıı) istehlak kreditləri – 30.7% (8 milyard 445 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 245.5 milyon manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 milyard 294.7 milyon manat (o cümlədən, biznes kreditləri 2 milyard 170.4 milyon manat, istehlak kreditləri 1 milyard 508 milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.3%-i və ya 37 milyard 696.6 milyon manat. 2024-cü ilin dekabr ayında bankların depozit portfeli 7.1% və ya 2 milyard 504.6 milyon manat artmışdır. Depozit portfelinin 62.1%-i (23 milyard 397.5 milyon manat) hüquqi şəxslərin, 37.9%-i (14 milyard 299.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (9 milyard 400.1 milyon manat) milli valyutada, 34.3%-i (4 milyard 899 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.1%-i (8 milyard 600.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 2.7% və ya 229.4 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 580.3 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.1%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması hesabat ayında 0.5 faiz bəndi azalaraq 33.6% təşkil etmişdir.
2024-cü il ərzində banklar 1 milyard 4.3 milyon manat xalis mənfəət, 1 milyard 663.2 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya etmişdir.
2024-cü ildə manatla geniş mənada pul kütləsi (M2) il ərzində 3.6% artaraq 36 milyard 652 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ötən ilə nəzərən 20.9 milyon manat azalaraq 2 milyard 577.2 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.