AZ

Paytaxtın “nəqliyyat labirinti”ndən çıxışı - Rəylər

Bakı-Sumqayıt yolu istiqamətində yeni yol ötürücüləri və alternativ yollar tikiləcək

Paytaxt Bakı və ətraf ərazilərdə hökm sürən, insanların gündəlik həyatında ciddi narahatlıqlar yaradan tıxaclar dövlət rəhbərliyinin nəzarətinə götürülüb. Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib. O diqqətə çatdırıb ki, Bakı şəhərində və onun ətrafında yerləşən ərazilərdə yeni dövlət proqramının qəbul edilməsi zəruridir:

“Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.

AYNA-nın sədri Anar Rzayev də  nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə məruzəsində bir sıra məqamlara toxunub: “Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır”.

AYNA sədri əlavə edib ki, vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlanıb və iki əsas istiqamət var: “Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilib. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın”.

Anar Rzayev Prezident İlham Əliyevə 20 Yanvar layihəsi haqqında da əlavə məlumatı təqdim edib: “Bu, kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tiflis prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaqdır”.

Qeyd etmək yerinə düşər ki, nəqliyyat ekspertləri də illərdir Bakını “tıxac labirinti”ndən çıxarmaq üçün təkliflərini irəli sürüblər. Xüsusilə də Bakı-Sumqayıt yolunda hökm sürən dəhşətli tıxacların aradan qaldırılması üçün Xırdalan dairəsində hərəkəti yenidən təşkil etməyi, o ətrafda hərəkətə mane olan tikililəri söküb zolağı genişləndirməyi təklif edirlər. Ekspertlərə görə, Xırdalan dairəsində nəqliyyat axınının daha səmərəli idarə olunması üçün yeni tunellər və yol qovşaqları inşa olunmalıdır. Bakı-Sumqayıt yolunun bəzi dar hissələrində genişləndirmə işləri aparılaraq zolaqların artırılması mümkündür. Piyadaların hərəkətini avtomobil yolundan ayırmaq üçün yeraltı və yerüstü keçidlər artırılmalıdır. Mövcud əsas magistraldan əlavə, Sumqayıtdan Bakıya yönələn yeni paralel yol çəkilməlidir. “M11" avtomobil yolunun inşası ilə bağlı da təkliflərdə qeyd edilir ki, qlobal səviyyədə bu yol Bakı ilə Sumqayıtı birləşdirən ikinci magistral kimi fəaliyyət göstərə bilər.  Eyni zamanda Bakı-Sumqayıt sürətli dəmiryol xətti modernləşdirilərək daha tez işləyən sürətli qatarlardan istifadə olunmalıdır. Metro xətlərinin genişləndirilməsi uzunmüddətli perspektivdə Sumqayıtı Bakı metrosuna bağlayan xətt çəkilə bilər.

Bundan əlavə, express avtobuslar və BRT (Bus Rapid Transit) sistemi yaradıla bilər. Bakı-Sumqayıt yolunda avtobuslar üçün xüsusi zolaqların yaradılması mümkündür ki, bu da fərdi nəqliyyatdan istifadəni azalda bilər.

Eyni zamanda “ağıllı” işıqforlar və nəqliyyat hərəkətini tənzimləyən sistemlər istifadəyə verilə bilər.

Bundan əlavə, Bakı-Sumqayıt magistralının ətrafında yerləşən müəssisələr yol hərəkətinə mane olur. Onların şəhərdən kənara köçürülməsi nəzərdən keçirilməlidir. Bütün bu tədbirlərin həyata keçirilməsi Bakı-Sumqayıt yolunun tıxac problemində ciddi irəliləyişlər əldə etməyə imkan verə bilər.

Bəs görəsən, bu təkliflər gələcək planlarda nə dərəcədə nəzərə alınıb?

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün bir sıra istiqamətlər üzrə işlər aparılacaq. Bunlardan başlıcası yol infrastrukturunun optimallaşdırılmasıdır. Yeni yollar çəkiləcək, dar boğazlar, butulka effekti yaradan yollar aradan qaldırılacaq, yol qovşaqları yenilənəcək. Yol inşasında yeni texnologiyalardan istifadə edilməklə yolların yenidən qurulması, yeni yol ötürücülərinin,  tunellərin və körpülərin tikintisi nəzərdə tutulur.

Bununla paralel olaraq, ictimai nəqliyyat da genişləndiriləcək. İctimai nəqliyyatın həm avtobus seqmetinin, həm də dəmir yolu seqmentində yeni marşrutlar təşkil olunacaq. Bundan əlavə, artıq məlumdur ki, yeni metro xətləri və metro stansiyaları və metro depoları inşa ediləcək. Ən başlıcası isə Bakıda yenidən tramvay xətləri bərpa olunacaq".

Ekspert vurğulayıb ki, yeni dövlət proqramı ilə bağlı verilən açıqlamadan da bəlli olur, Bakı-Sumqayıt yolu istiqamətində bir sıra yeni yol ötürücüləri və yeni alternativ yollar tikiləcək: “Bu, həm Bakı şəhərinə axın edən avtomobillərin müxtəlif istiqamətlərdən rahat daxil olmasına, həm də Bakıdan Xırdalan və Sumqayıt istiqamətində avtomobillərin sərbəst çıxışına şərait yaradacaq.

Bunu həyata keçirmək üçün Bakı-Xırdalan istiqamətində ən azı iki yeni alternativ yol çəkilməsi planlaşdırılır. Burada Xırdalandan təkcə Bakı şəhərinin 20 Yanvar istiqamətinə deyil, həm də digər istiqamətlərə - Biləcəri, Novxanı istiqamətlərinə və bu ərazilərdən Bakı şəhərinə daxil olmaq imkanı da yaradılacaq.

Məlumdur ki, burada alternativ yolların inşası və mövcud yolların diferensiallaşdırılması nəzərdə tutulur. Mənə elə gəlir ki, bu layihə çərçivəsində hətta yeni Bakı dairəvi yolunun təşkili də mümkün ola bilər"./Musavat.com


Telegram kanalımız
Seçilən
2
9
yenisabah.az

10Mənbələr