AZ

Bank sektorunun 2024-cü il üzrə göstəriciləri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı bank sektoru üzrə 2024-cü ilin yekun göstəricilərini açıqlayıb.

Modern.az  Mərkəzi Banka istinadən xəbər verir ki, 31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 230 olmuşdur. Dekabr ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25 min 363 nəfər təşkil etmişdir. Bank sektorunda əməkdaşların sayı 2024-cü il ərzində isə 7.6% və ya 1794 əməkdaş artıb.

31 dekabr 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383  milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdur. 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artmışdır. 

Kredit portfelinin artımı cari ilin dekabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27 milyard 477.7 milyon manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.8% (14 milyard 787.2  milyon manat);

ıı) istehlak kreditləri – 30.7% (8 milyard 445  milyon manat) 

ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 245.5  milyon manat).

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 milyard 294.7 milyon manat (o cümlədən, biznes kreditləri 2 milyard 170.4  milyon manat, istehlak kreditləri 1 milyard 508  milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artmışdır.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil etmişdir. 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.3%-i və ya 37 milyard 696.6 milyon manat. 2024-cü ilin dekabr ayında bankların depozit portfeli 7.1% və ya 2 milyard 504.6 milyon manat artmışdır. Depozit portfelinin 62.1%-i (23 milyard 397.5 milyon manat) hüquqi şəxslərin, 37.9%-i (14 milyard 299.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (9 milyard 400.1 milyon manat) milli valyutada, 34.3%-i (4 milyard 899 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.1%-i (8 milyard 600.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 2.7% və ya 229.4  milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 580.3  milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.1%-ni təşkil etmişdir. 

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması hesabat ayında 0.5 faiz bəndi azalaraq 33.6% təşkil etmişdir. 

2024-cü il ərzində banklar 1 milyard 4.3  milyon manat xalis mənfəət, 1 milyard 663.2  milyon  manat məbləğində əməliyyat mənfəəti generasiya etmişdir. 

2024-cü ildə manatla geniş mənada pul kütləsi (M2) il ərzində 3.6% artaraq 36 milyard 652 milyon manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ötən ilə nəzərən 20.9 milyon manat azalaraq 2 milyard 577.2  milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır. 

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.6% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil etmişdir.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 486 miylon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 360 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 121milyon manatı POS-terminallar, 3.7 milyon  manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64.2%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 6.2%, POS-terminalların sayı 38.4% artmışdır.

Seçilən
8
50
modern.az

10Mənbələr