AZ

Tramp doğum hüququ ilə vətəndaşlığa son qoymaq niyyətindədir

Prezident Donald Trampın ABŞ-da doğum hüququ ilə vətəndaşlığa son qoyulması haqqında sərəncamı ABŞ ərazisində doğulan hər kəsə vətəndaşlığı təmin edən Konstitusiyaya 14-cü Düzəliş haqqında hüquqi və siyasi müzakirələr başladıb. Bu prinsip 1868-ci ildə ratifikasiya olunan zamandan bəri vətəndaş hüquqlarının mərkəzində yer alıb. Amerikanın Səsinin immiqrasiya üzrə müxbiri Elin Barros daha ətraflı məlumat verir.

18-ci əsrin sonlarında hazırlanmış ABŞ Konstitusiyası immiqrasiya və vətəndaşlıqla bağlı qərarların çox hissəsini Konqresə həvalə edib.

Lakin prezident Donald Tramp ABŞ-da doğum hüququ əsasında vətəndaşlığa son qoyan sərəncam imzalayıb.

“Bildiyiniz kimi, biz dünyada bunu doğum hüququ əsasında edən yeganə ölkəyik. Və bu, tamamilə gülüncdür. Amma, bilirsiniz, görəcəyik. Düşünürük ki, bizim çox yaxşı əsaslarımız var və müəyyən insanlar onilliklər ərzində bunu etmək istəyib”, Prezident Donald Tramp bildirib.

Trampın sərəncamını tənqid edənlər deyirlər ki, 14-cü düzəliş vətəndaş hüquqlarının təməlidir və ABŞ prezidenti onu geri götürə bilməz.

"Əslində bu, qaradərili qulların vətəndaşlıq ala bilməsini təmin etmək üçün idi və bu, Dred Skott məhkəmə qərarında təsbit edilmişdir. Və konstitusiyaya düzəlişlər və konstitusiya hüquqları prezident tərəfindən alına bilməz. Onlar yalnız Konqres tərəfindən əldən alına bilər və buna görə də sərəncam qanunsuzdur”, Asiya və Sakit Okean Amerikalı Qadınların Milli Forumundan Tuyet Duonq bildirib.

Ancaq sərəncamın tərəfdarları immiqrasiya sistemində ədaləti bərpa etməyin zəruri olduğunu iddia edirlər.

"Prezident Tramp açıq şəkildə bildirib ki, immiqrasiya sistemimizdə ədaləti bərpa etmək və 14-cü Düzəlişin əsl niyyətini müdafiə etmək onun Amerikanı yenidən möhtəşəm etmək vizyonunun mərkəzidir. Onun doğum hüquqi ilə vətəndaşlığa son qoymaqla bağlı tarixi sərəncamı irəliyə doğru atılmış kritik bir addımdır", Respublikaçı konqresmen Brayn Babin qeyd edib.

Sərəncam ciddi hüquqi problemlərlə üzləşir və artıq bir neçə məhkəmə prosesləri davam edir. 22 ştatın demokrat baş prokurorları sərəncamın Konstitusiyaya 14-cü düzəlişi pozduğunu iddia edərək məhkəməyə müraciət ediblər.

"Ali Məhkəmə bunu bir qərarında təsdiqləyib. Həmin məhkəmə işində bir çox çinli mühacirin vətəndaşlığı mübahisə edilib, amma məhkəmə 14-cü Düzəlişin bu çinli mühacirlərə şamil edildiyini və onların vətəndaşlıq ala bildiklərini təsdiqləyib", Tuyet Duonq bildirib.

Sietldakı federal hakim doğum hüququ əsasında vətəndaşlığa son qoyan sərəncamın icrasını müvəqqəti olaraq dayandırıb. Əgər iş Ali Məhkəməyə çatarsa, nəticə ölkədəki vətəndaşlıq anlayışını formalaşdıra bilər. Sərəncamın icra olunmasına icazə verilərsə, o, dərhal yeni doğulan və hələ doğum haqqında şəhadətnamələri və Sosial Müdafiə nömrələrini almayan insanlara şamil olunacaq.

visiontv.az



Seçilən
8
50
visiontv.az

10Mənbələr