AZ

Ukrayna müharibəsi dondurulmuş münaqişəyə çevrilə bilər

ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində bitirmək vədindən geri çəkilmiş ola bilər, lakin onun xüsusi nümayəndəsi Keyt Kelloqun 100 gün ərzində həll yolu tapmaq tapşırığı müharibənin başqa bir dondurulmuş münaqişəyə çevrilməsi üçün həmişəkindən daha çox perspektiv yaradıb...

Poliqon xəbər verir ki, bu barədə The Times yazıb.

Nəşr qeyd edir ki, dondurulmuş münaqişələrin tarixi heç də xoşbəxt tarix deyil - yenidən silahlı qarşıdurma təhlükəsi həmişə aktual olaraq qalır.

Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Fillips O'Brayen deyir ki, Ukrayna şanslı olmalıdır. Səbirsizliyi ilə tanınan Tramp Ukraynadakı müharibənin sona çatmasında danışıqlar aparan şəxs kimi reputasiyasından istifadə edir:

"Trampın Ukrayna ilə həqiqətən də işi yoxdur. O, döyüşləri dayandırdığına görə reytinq qazanmaq və özünü sülhməramlı elan etmək istəyir".

O'Brayenin sözlərinə görə, Trampın Rusiyaya qarşı hədələri inandırıcı deyil. O, əlavə edib ki, Amerika prezidenti Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti təklif etməyib və özünü zamin yox, vasitəçi kimi göstərir.

Müasir dövrdə dondurulmuş münaqişənin ən məşhur nümunəsi Koreya müharibəsidir. Koreya yarımadası cəbhə xətti boyunca bölünüb. Şimali və Cənubi Koreya hələ də sülh müqaviləsi olmadığı halda texniki olaraq müharibə vəziyyətindədir. Bu barışıq üçün xarici hadisələr və qüvvələr həlledici rol oynayıb. Lakin Koreya müharibəsində BMT bayrağı altında minlərlə əcnəbi hərbçi də iştirak edib və onlar tamamilə Amerika qüvvələri ilə əvəz olunana qədər atəşkəs rejiminə riayət etməyə davam ediblər.

Tramp artıq açıq şəkildə bəyan edib ki, Ukraynada atəşkəs sülhməramlıların olmasını tələb edirsə, bu məsələ ilə ABŞ, hətta NATO yox, Avropa məşğul olmalıdır.

Materialın müəllifləri qeyd edirlər ki, Avropa liderləri Trampın prezidentliyinin Ukrayna üçün nə demək olduğunu gec dərk etməyə başlayırlar. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Davos forumunda qəfil atəşkəsin təhlükələrindən danışıb:

"Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Lakin onlar ədalətli və davamlı sülh istəyirlər. Onların istəmədikləri bir az sonra yenidən alovlana biləcək dondurulmuş münaqişədir".

Ukraynalılar bu ssenari ilə çox tanışdırlar. Ukrayna prezidenti Volodimir Zelenski də bu barədə danışıb: "Bizim Ukraynanın şərqində dondurulmuş münaqişə var idi və Minsk razılaşmaları onun həllinə gətirib çıxarmadı. Biz Rusiya ilə danışmağa çalışdıq. Amma onlardan yalandan başqa heç nə eşitmədik. Həqiqət yoxdur. Biz onlara etibar edə bilmərik".

Poliqon.info

Seçilən
6
50
poliqon.info

10Mənbələr