AZ

Nəqliyyat məsələləri hər zaman diqqətdə saxlanılıb - Deputat

Məlum olduğu kimi, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin müşavirədə çıxış edərək, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı müvafiq tapşırıq və göstərişlər verdi.

Son illər ərzində bu istiqamətdə bir çox işlər görülsə də, görünən odur ki, Bakı şəhərində əfsuslar olsun ki, tıxacların sayı durmadan artır. Prezident  müşavirədə bunun səbəblərindən danışdı. Təbii ki, buna səbəb cənab Prezidentin də söylədiyi kimi, ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisinin ildən-ilə artmasıdır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb.

Nəqliyyat məsələləri dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılıb. Məlum olduğu kimi, son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə irimiqyaslı layihələr həyata keçirilib. Yeni metro stansiyaları, yollar və körpülər istifadəyə verilib.

Cənab Prezident müşavirədə yeni layihələrdən danışarkən Zəngəzur dəhlizinə  də toxundu. Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bu gün dəhlizin açılması üçün praktiki addımlar atılır. Baxmayaraq ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir və bu da hamıya məlumdur ki, onların niyyəti vaxt uzatmaqdır.

Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra və Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının qurulmasına maneə yarada bilməyəcək.

Nəqliyyatla bağlı müşavirənin keçirilməsi cənab Prezidentin çıxışı, verdiyi tapşırıq və göstərişlər dövlətimizin başçısının bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi diqqət və qayğı ilə yanaşdığını göstərir. Həyata keçirilən uğurlu və uzaqgörən siyasət nəticəsində Azərbaycan tezliklə dünyanın əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək.

  

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Seçilən
8
20
modern.az

10Mənbələr