Suriyanın yeni hakimiyyət orqanları Rusiya ilə danışıqlar zamanı ölkənin keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyasını tələb ediblər, “Reuters” mənbəyə istinadən yazır. Əsəd dekabrın əvvəlində İslamçı qrup “Hayat Təhrir aş-Şam” Dəməşqə müqavimətsiz daxil olub hökuməti devirdikdən sonra Moskvaya uçub.
Agentliyin həmsöhbətinin sözlərinə görə, eks-prezidentin ekstradisiyası tələbini üsyançıların başçısı Əhməd əl-Şaraa irəli sürüb. Çərşənbə günü o, Suriyanın keçid dövrü üçün prezidenti elan edilib. Hakimiyyət həmçinin ordu və təhlükəsizlik xidmətlərini buraxıb və Bəşər Əsədin rəhbərlik etdiyi Ərəb Sosialist Partiyasının (BAAS) yenidən qurulmasını qadağan edib.
Kremlin sözçüsü Dmitri Peskov Dəməşqin tələbləri ilə bağlı məlumatları təsdiq və ya təkzib etməkdən imtina edib.
Suriyanın “SANA” xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın yeni administrasiyası da hesab edir ki, Moskva “təzminat, yenidənqurma və bərpa kimi konkret tədbirlər” vasitəsilə “etimadı bərpa etməlidir”.
"Münasibətlərin bərpası keçmişin səhvlərini nəzərə almalı, Suriya xalqının iradəsinə hörmət etməli və onların maraqlarına xidmət etməlidir", - Suriyanın yeni hakimiyyəti Rusiya Federasiyasının nümayəndələri ilə görüşdə bildirib.
Rusiyanın üsyançılara qarşı mübarizədə dəstəklədiyi Bəşər Əsədin dövründə onun Suriyada iki hərbi bazası var idi - Tartusdakı dəniz bazası və Latakiya bölgəsindəki Xmeymim aviabazası. İnqilabdan sonra Moskva bütün gücü ilə onları qoruyub saxlamağa çalışır, çünki onların mövcudluğu Yaxın Şərq və Afrikaya təsir etməyə imkan verir.
Almaz Həsənli