“ABŞ dövlət katibi Marko Rubionun Latın Amerikasının kiçik dövlətlərinə – Panama, Qvatemala, Salvador, Kosta-Rika və Dominikan Respublikasına səfəri planlaşdırılır. Rubionun səfərinin Panamadan başlamasının səbəbi aydındır. Rubio Trampın əmrini yerinə yetirməyə gedir, Vaşinqton Panama kanalını nəzarət götürməyə çalışır. Rubio Panama rəhbərliyi ilə həm kanalın ABŞ-yə qaytarılması, həm də Çinin bu dövlətdə möhkəmlənməsindən irəli gələn narahatlığı müzakirə edəcək”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Çin şirkətləri Panamanın iki böyük limanına nəzarət edir.
Onun sözlərinə görə, 2024-cü ildə həmin limanlardan 3.7 milyon konteyner daşınıb: “Pekin bununla kifayətlənmək istəmir. Çin Panamanın infrastruktur layihələrinə böyük yatırımlar qoyub. Misal üçün Çin Panamadan Kosta-Rika sərhədinə qədər yüksək sürətli dəmiryolu tikintisini maliyyələşdirir. Panama kanalı üzərindən ABŞ-yə miqrant axını da həyata keçirilir. Ağ Ev bunun da qarşısını almağa çalışır. Rubio bu mövzunu Mərkəzi Amerika ölkələrinə səfəri zamanı müzakirə edəcək. Bu arada, ABŞ Senatının ticarət, elm və nəqliyyat komitəsində Panama kanalı ilə bağlı dinləmələr keçirilib. Komitənin sədri, Texas ştatından olan senator Ted Kruz Trampın kanalla bağlı söylədiklərini təkrarlayıb: “Panama kanalını ABŞ maliyyələşdirib və inşa edib. Buna baxmayaraq, Panamanın ABŞ-yə münasibəti ədalətli deyil”. Göründüyü kimi, Kruz da Tramp kimi düşünür. Senator ABŞ-nin ticarət gəmilərinin kanalın istifadəsinə görə yüksək gömrük haqları ödəməməsi qənaətindədir”.
E.Şahinoğlu deyib ki, senatın digər üzvləri də Çinin Panama kanalından artan rolundan narahatlıqlarını dilə gətiriblər: “Respublikaçı senatorlar bildiriblər ki, Panama kanalı ABŞ üçün yalnız iqtisadi baxımdan deyil, milli təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Ona görə də senatorlar ABŞ-nin dəniz strategiyasının dəyişməsi vacibliyini vurğulayıblar. Dinləmələrdə çıxış edən ABŞ-nin Federal Dəniz Komissiyasının sədri Luis Sola senatorların narahatlıqlarını bölüşdüyünü deyib: “Çin Latın Amerikası ölkələri ilə müqavilələr imzalayanda sazişdə bir bənd kimi çinli işçilərin cəlb edilməsini yazır. Bu, Panamaya da aiddir. Çinin Panamada müxtəlif layihələri mövcuddur və bu layihələrdə çinli işçilər çalışırlar. Onlar kanal ətrafında tikanlı məftillər salıblar”. Bəzi senatorlar hesab edirlər ki, Çin panamalı məmurları pulla ələ alıb. Beləliklə, Ağ Ev sahibi Panama kanalına nəzarət uğrunda mübarizədə Senatın simasında müttəfiq qazanıb. Bu o deməkdir ki, Donald Tramp Panama kanalının ələ keçirilməsi üçün daha ciddi tədbirlərə əl atacaq. Panama dövləti buna imkan verməsə, ABŞ-nin güc yolundan istifadə edəcəyi ssenariləri də gündəmdədir”.
Vüqar MƏMMƏDOV