Donald Tramp prezident seçilməzdən öncə bəyanat vermişdi: Panama kanalı Birləşmiş Ştatların nəzarətinə keçməlidir. O vaxt çoxları bunu Trampın populist çıxışı kimi qiymətləndirsə də, seçkidəki qalibiyyətindən sonra da onun fikrində qəti qalması məsələnin ciddiliyindən xəbər verir. Panama hökuməti ən yüksək səviyyədə Vaşinqtona sərt reaksiyalar verib. Panama kanalının üzərində təhlükə hələ də ciddi olaraq qalmaqdadır.
Bəs Donald Trampda 25 illik aradan sonra Panama kanalına sahib olma eşqi haradan gəlib, niyə məhz Panama kanalı?
Panama dövləti ilə ABŞ arasında Panama kanalına dair heç də xoş olmayan uzun tarixi proseslər yaşanıb. 1999-cu il dekabrın 31-də ABŞ bayrağı endirilən və ilk dəfə Panama bayrağının qaldırıldığı kanal ərazisi panamalılara, sözün əsl mənasında, zəfər bayramı yaşatdı. Bununla da etirazlar, gərginliklər və ölümlərlə müşayiət olunan narahat dövr sona çatdı.
İndi Trampın timsalında Ağ evin bu kiçik Latın Amerikası ölkəsinə ərazi iddiası səsləndirməsi qlobal səviyyədə güclülərin dünyanı bölüşdürmək istəyindən başqa bir şey deyil. Panamalılar ABŞ ilə müqayisədə çox kiçik və zəif olsa da, geri çəkilmirlər. Panama Prezidenti Raul Mulino sosial mediada verdiyi reaksiyada «Kanalın hər kvadrat santimetri Panamaya aid olmağa davam edəcək», – deyib.
25 ildən sonra ABŞ-də vəzifəsinin icrasına başlayacaq prezident Donald Trampın mübahisəli sözləri ilə okeanlararası marşrutun suverenliyi yenidən gündəmə gətirilib.
Tramp bildirib ki, əgər bu vəziyyət dəyişməsə, onlar “Panama kanalının ABŞ-yə tam, dərhal və sualsız verilməsini tələb edəcəklər”.
Panama Prezidenti Raul Mulino sosial mediada verdiyi reaksiyada «Kanalın hər kvadrat santimetri Panamaya aid olmağa davam edəcək», – deyib.
Bir az məsələnin kökünə nəzər salaq:
Sakit okean Atlantik okean ilə birləşdirən kanalın tikintisi XVI əsrdən bəri avropalıların gündəmində olub. O dövrdə cənub dənizlərinə yeganə çıxış yolu Çilinin cənubundakı Magellan boğazı vasitəsilə idi ki, bu da böyük məsafələri qət etmək və Ümid burnunun təhlükəli sularına üz tutmaq demək idi.
O zamanlar Kolumbiya ərazisi olan Panamadan keçməyə ilk dəfə XIX əsrdə cəhd edilib. Rəsmi Boqota kanalın tikmək hüququnu Misirdə Süveyş kanalını da açan fransız mühəndis Ferdinand de Lesepsə verib. Ancaq çoxu Afrika köləsi olan işçilər xəstəliklərdən təsirlənib, rütubət və davamlı yağış layihəni iflasa uğradıb. Məhz bu dövrdə ABŞ-ın sözügedən dəniz yoluna marağı artmağa başlayıb.
O vaxt Kolumbiya minlərlə insanın ölümünə səbəb olan vətəndaş müharibəsindən çıxırdı. Siyasi gərginlik çox yüksək idi və nəticədə Panama öz müstəqilliyini elan etdi.
Puerto Riko və Kuba üzərində nəzarəti ələ keçirən Birləşmiş Ştatlar o zaman bölgədə yüksələn güc idi və onlar Kolumbiyadakı vətəndaş iğtişaşlarını böyük fürsətə çevirdilər. ABŞ kanalın tikinti hüququnu almaq üçün Boqotaya 40 milyon dollar təklif elədi. Bu, ABŞ ilə Kolumbiya arasında kanalın tikintisinə dair hüquqları təsbit edən Herran-Hay müqaviləsinin əsasını təşkil etdi.
Bu, mürəkkəb danışıqlar prosesi idi və 1903-cü il avqustun 5-də Kolumbiya hökuməti ölkənin suverenliyini pozduğunu əsas gətirərək təklifi rədd etdi. Bu prosesdə hələ də Kolumbiyanın bir parçası olan Panama ABŞ-ın dəstəyi ilə Boqotanın müqaviləni rədd etməsinə qarşı çıxdı. ABŞ Kolumbiyanın cavab verəcəyi təqdirdə hərbi müdaxilə edəcəyini bildirdi və 3 noyabr 1903-cü ildə Panama müstəqilliyini elan etdi.
Panama tarixçisi Marixa Lasso deyir ki, Birləşmiş Ştatlar Panamadakı iğtişaşları “Kolumbiyanın müdaxiləsi olmadan istədiyi sövdələşməni əldə etmək üçün mükəmməl fürsət” kimi görüb.
Panama müstəqillik əldə etdikdən sonra iki ölkə Hay-Bunau-Varilla sazişini imzaladı. Müqavilə Panamanın müstəqilliyinə zəmanət versə də, ABŞ kanala və Kanal Zonası adlanan strateji su yolunun hər iki tərəfindəki səkkiz kilometrlik əraziyə daimi nəzarət hüququ aldı. Müqaviləyə əsasən, Panama bunun üçün 10 milyon dollar təzminat alacaqdı.
1913-cü ildə tikinti başa çatdıqda, Ankon gəmisi kanalı keçən ilk gəmi olaraq dünyaya açıldı.
...Tezliklə gərginlik başladı. Ölkə fiziki olaraq iki yerə bölünmüşdü. Minlərlə amerikalı ailə Kanal zonasında yaşayıb-işləyərkən öz qanunlarından istifadə edirdilər. Kanal zonası sakinlərinin Panama xalqı ilə əlaqəsi yox idi və panamalılar xüsusi icazə almadan əraziyə daxil ola bilmirdilər.
Panamalıların qəzəbi artdı və onlar ABŞ-nin bölgə üzərində suverenliyinin mövcudluğunun dayandırılmasını və Panama kanalının geri qaytarılması tələbi ilə etiraz etdilər.
“Suverenlik” əməliyyatı 1958-ci ildə ABŞ-ın rəsmi ərazisi olan əraziyə 75 Panama bayrağı sancmış bir qrup kollec tələbəsi tərəfindən başlayıb. Tələbə etirazlarının liderlərindən olan Rikardo Rios Torres 2019-cu ildə BBC Mundo-ya demişdi: «Onlar bizə dedilər ki, panamalılar bura girə bilməzlər. O gün dedik ki, biz artıq qorxmuruq və müharibəni bitirəcək yeni bir razılaşma istəyirik».
Kanalın geri alınmasında mühüm hadisələrdən biri 1959-cu ildə Vətənpərvərlik Yürüşü idi. Panamalılar öz bayraqları ilə Kanal zonasına daxil olmağa dəvət ediliblər. Yürüş dinc başlayıb, lakin fəalların əraziyə daxil olmasının qarşısı alındıqdan sonra panamalılarla polis arasında toqquşma baş verib, nəticədə onlarla insan yaralanıb.
Hər iki hadisə sonralar Panamada məşhur olan “Bayraq əkən, suverenlik biçər” deyiminə ilham verib. Bu hadisələr sonrakı illərdə daha çox etirazlara səbəb olub.
Danışıqlar nəticəsində 1962-ci ildə Panama Prezidenti Çiari ilə ABŞ prezidenti Con Kennedi arasında hər iki ölkənin bayraqlarının Kanal Zonasında dalğalanmasını şərtləndirən müqavilə imzalanıb. Lakin 1964-cü il yanvarın 1-də müqavilə qüvvəyə minəndə Kanal Zonasının sakinləri qubernatorun əmrinə məhəl qoymayaraq Panama bayrağını qaldırmaqdan boyun qaçırıblar.
Yanvarın 9-da Panama Milli İnstitutunun onlarca tələbəsi öz məktəb bayraqları ilə Kanal Zonasına gedib və bayrağın Bilboa Liseyində ucaldılmasını tələb ediblər. Lakin ABŞ polisi tələbələri dayandırıb və toqquşmalar başlayıb. Nəticədə 20-dən çox nümayişçi ölüb, yüzlərlə insan yaralanıb. Sonralar bu gün Şəhidlər Günü kimi tanınmağa başlayıb.
Panamanın ozamankı lideri Roberto Çiari buna cavab olaraq iki ölkə arasında yeni müqavilə imzalanana qədər Vaşinqtonla əlaqələri kəsib.
Bir çox ekspertin fikrincə, bu, Panama kanalının 35 ildən artıq müddətdən sonra panamalılara qaytarılmasını təmin edən əsas hadisə idi. Həmin qaranlıq yanvardan sonra 1964-cü il aprelin 3-də ABŞ-la Panama arasında danışıqlar başlayıb və hər iki ölkə danışıqlar aparmaq üçün xüsusi səfirlər təyin edib.
Bununla belə, Prezident Riçard Niksonun hakimiyyəti dövründə ABŞ-ın dövlət katibi Henri Kissincer və Panamanın xarici işlər naziri Xuan Antonio Tak arasında birgə bəyannamənin imzalanması üçün daha 10 il lazım oldu. Bu bəyannamə Panama kanalı üzrə hər iki tərəf üçün məqbul olan yekun razılaşma məqsədilə aydın çərçivə təklif edirdi.
ABŞ Prezidenti Cimmi Karter və Panama lideri Omar Torrixos 7 sentyabr 1977-ci ildə imzalanan müqavilədən sonra bir-birlərini qucaqlayıblar. Bu yekun razılaşmanın əsası ABŞ-a Panama kanalı üzərində hüquq və Panama ərazisinin bəzi hissələri üzərində yurisdiksiya verən Han-Bunau-Varilla müqaviləsinin ləğvi idi.
Bu, 1977-ci il sentyabrın 7-də ABŞ prezidenti Cimmi Karterlə Panama lideri Omar Torrixos tərəfindən rəsmən imzalanmış sazişin əsasını təşkil edirdi. Onlar Kanal Zonasında suverenliyin Panamaya aid olduğunu qəbul ediblər və 31 dekabr 1999-cu ildə kanalın təhvil verilməsi haqqında razılığa gəliblər.
Karter bildirib ki, kanalı panamalılara qaytarmaqla amerikalılar “böyük və qüdrətli ölkənin suveren, qürurlu, lakin kiçik bir xalqla ədalətli və şərəfli müqavilə bağlaya biləcəyini göstərdilər”.
Keçid dövründən sonra, əsrin başlanmasına günlər qalmış dünyanın hər yerindən siyasətçilər rəsmi təhvil-təslim mərasimində iştirak etmək üçün Panamaya getdilər. Karter özü də orada idi.
Panama şəhərinin müxtəlif yerlərində gerisayım saatları olan nəhəng ekranlar yerləşdirilmişdi.
Panamanın ozamankı prezidenti Mireya Morosko Kanal Administrasiyasının binasında Panama bayrağını qaldırıb və təhvil rəsmən həyata keçirilib. O zaman Morosko «Panama kanalı panamalılara məxsusdur. Panama nəhayət tam suveren dövlətə çevrildi» demişdi.
Qısası, ABŞ prezidenti yenidən Panama kanalı üzərində suverenlik almaq istəyirsə, deməli, Panama yenidən işğal olunmalıdır və təbii ki, ölkədə qan axmalıdır. Onillər boyunca şəhidlər verərək azadlığını əldə etmiş bu xalq isə yenidən kölə olmaq istəməyəcək...