1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tayvanın cənubundakı Çiayi əyalətinin Dapu rayonunda ard-arda zəlzələlər baş verib.
Oxu.Az-ın Focustaiwan.tw nəşrinə istinadən xəbərinə görə, bu barədə Mərkəzi Meteorologiya İdarəsindən (CWA) məlumat verilib.
Məlumata görə, zəlzələlərdən ən güclüsü saat 10:11-də qeydə alınıb və 5.6 bal olub. Episentri Çiayi əyaləti administrasiyasının binasından 40.5 kilometr cənub-şərqdə, Dapu qəsəbəsində, 10 kilometr dərinlikdə qeydə alınıb.
Daha sonra Dapuda saat 10:13-də 3.4 bal gücündə, saat 10:15-də 4.3 bal, saat 10:21-də 3.2 bal, 10:21-də 3.3 bal və saat 11:20-də 3.4 bal gücündə olmaqla, daha beş kiçik zəlzələ baş verib.
CWA Seysmoloji Mərkəzinin məlumatına görə, silsilə zəlzələlər yanvarın 21-də Dapuda baş vermiş 6.4 bal gücündə zəlzələnin afterşoklarıdır.
Mərkəz, həmçinin qeyd edib ki, növbəti həftə ərzində yeni afterşoklar gözlənilir.
Xatırladaq ki, yanvarın 21-də baş verən 6.4 bal gücündə zəlzələ zamanı 27 nəfər xəsarət almış və bölgəyə maddi ziyan dəymişdi.