AZ

Azərbaycanda 2 fevral - Gənclər Günüdür

  

Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 28 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.

Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün gənclərimizin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ümummilli lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.

Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan gəncləri böyük dövlət dəstəyi və qayğısı ilə əhatə olunub.

Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Qürurverici və sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Azərbaycanda gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda dövlətimiz gənclərə böyük dəstək verir. 

Həqiqət Ələkbərova 

Nizami rayonu 129 saylı məktəbin psixoloqu

 

 

Seçilən
7
18
missiya.az

10Mənbələr