Gənclər hər bir dövlətin, millətin gələcəyidir. Gələcək uğurlarını təmin etmək istəyən hər bir dövlət gənclərinə diqqət göstərməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən həssas yanaşdığı mövzulardan biri gənclərdir. Ölkədə gənclərin inkişafı, sosiallaşmağı fonunda mühüm addımlar həyata keçirilir. SİA dövlətin gənclər siyasəti və gənclərə qarşı göstərilən diqqətlə bağlı tələbələrin fikirlərini öyrənib.
Tələbə Əli Hüseynov:”Ölkə başçısının 2003-cü ildən bu yana həyata keçirdiyi gənclər siyasəti öz nəticələrini göstərir. Bunun bariz nümunələrini dövlət və hökümət orqanlarında fəaliyyət göstərən gənc kadrların sayının artırılması istiqamətində görülən işlərdə müşahidə edə bilərik. Gənclərin savad səviyyəsinin artırılması üçün mühüm addımlar atılır, gənclərin xaricdə də təhsil alması üçün şərait yaradılır”.
Tələbə Aytac Baxışova: 2 Fevral Gənclər Günü gənclərin inkişafında mühüm rol oynayır. Bu gənclərə göstərilən diqqətin, qayğının nümunəsidir. Gənclərin təhsili, dünyagörüşü hər bir ölkənin gələcəyinə təsir edən əsas faktorlardan biridir. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycanın gələcək inkişafı savadlı, vətənpərvər və yenilikçi gənclərdən asılıdır. 2013-cü ildə "Prezident mükafatı" təsis edilib, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişafı strategiyası təsdiq edilib. Universitetlərdə gənclər üçün layihələr hazırlanır. Bu layihələr gənclərin bilik və bacarıqlarının üzə çıxması, inkişafı üçün önəmlidir".
Tələbə Müzəffər Quluzadə: “Dövlətin ən həssas yanaşdığı məsələlərdən biri gənclərdir. Gənclərin sosiallaşmağı, idmana olan marağın artmağı üçün addımlar atılır. Buna sadə nümunə olaraq universitetlərdə keçirilən fakültələrarası və ya universitetlər arasında keçirilən yarışlardır. Gənclərimizin böyük əksəriyyəti idmana maraqlıdır və bu hər zaman diqqətə alınır. Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının, Avropa çempionatının bir neçə oyunlarının, UEFA Avropa Liqası finalının Bakıda keçirilməsi bunun bariz nümunələridir”.
Tələbə Nuray Qurbanlı: “Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırırdı və onların rifahı, cəmiyyətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir və xüsusi diqqət, qayğı göstərirdi. Eynilə də, bu gün Prezident İlham Əliyev tərəfindən bu missiya davam etdirilir. Azərbaycanda gənclərin inkişafı və rifahı üçün dövlət tərəfindən bir sıra proqramlar və imkanlar yaradılır. Gənclərə göstərilən qayğı və diqqət əsasən təhsil, məşğulluq, sosial rifah, innovasiya və asudə vaxtın səmərəli keçirilməsi sahələrində özünü göstərir. Məsələn, Təhsil və təqaüd imkanları, Prezident təqaüdü akademik göstəriciləri yüksək olan tələbələr üçün ayrılır.
Dövlət Təqaüd Proqramları – Xaricdə təhsil almaq istəyən gənclərə maliyyə dəstəyi verilir. Bu da onu göstərir ki, gənclərin təkcə ölkə daxilində deyil, xaricdə də inkişafına görə xüsusi diqqət göstərilir.
Digər nöqtədə, iş və karyera imkanlarının inkişafı çərçivəsində olan ”Gənclər Fondu və Startap Dəstəkləri”, “Gənclərin Məşğulluq Proqramları”, “ASAN Kadr və Dövlət Məşğulluq Agentliyi” ni vurğulamaq olar ki, bu kimi layihə, təşkilat və proqramlar gənclərə qrant və maliyyə yardımı, təcrübə, iş imkanı və vakansiyalar təklif edir”.
Diqqət və qayğını həm də biz sosial və mədəni inkişafda da görə bilərik, hansı ki, bu sahədə “Gənclər evləri və mərkəzləri“, “İdman və Sağlamlıq Proqramları”, “Mədəni və İctimai Layihələr” vardır. Xüsusilə vurğulamalı olduğumuz məqam isə əlilliyi olan gənclərə dövlət dəstəyi və qayğısıdır. Azərbaycanda əlilliyi olan gənclərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası dövlətin əsas prioritetlərindən biridir. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Məhz, həmin gənclər üçün, “Sosial Müdafiə və Təqaüdlər”, “Məşğulluq və Bacarıqların İnkişafı” , “Mənzil və Avtomobil Təminatı”, “Reabilitasiya və Sosial Xidmətlər” çərçivələrində çox sayda layihə və proqramlar həyata keçirilir. Bu tədbirlər əlilliyi olan gənclərin cəmiyyətə tam inteqrasiyasını və həyat şəraitlərinin yaxşılaşdırılmasını təmin etməyə yönəlib. Azərbaycanda dövlət gənclərin təhsili, məşğulluğu və sosial rifahı üçün müxtəlif proqramlar həyata keçirərək onların inkişafına dəstək verir".
Tələbə Elmir Heydərli: "Azərbaycan gənci və Azərbaycan gəncliyinə dəstək dedikdə ağıla Ümummilli Lider Heydər Əliyev gəlir. Heydər Əliyevin SSRİ dövründən Azərbaycan gənclərinə diqqəti və qayğısı danılmazdır. Bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən bu diqqət və qayğı davam edir. Biz də gənclər olaraq bu diqqəti və qayğını doğrultmalıyıq. Çalışdığımız peşədən, vəzifədən asılı olmayaraq, Vətənimizə, millətimizə şanlı, Azərbaycanımıza layiqli övladlar olmalıyıq”.
Tələbə Hüseyn Hümmətov: "Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Gənclər Fondu bir çox gəncin təhsil, elm, innovasiya və sahibkarlıq layihələrinə dəstək göstərib. Gənclərin xaricdə təhsil almasına və peşəkar inkişafına imkanlar yaradılıb. İdman sahəsində də gənclərə xüsusi diqqət ayrılır və gənclər müxtəlif beynəlxalq yarışlara qatılaraq Azərbaycanı layiqincə təmsil edirlər. Təhsil müəssisələrində idman yarışları keçirilir".
Tələbə Tehran Yusifli: "Ölkə başçısının gənclərə verdiyi dəyər, bizim gələcəyimiz üçün çox önəmlidir. O, hər zaman gəncləri ölkəmizin inkişafının əsas qüvvəsi olaraq görür və onların potensialını tam şəkildə reallaşdırması üçün əlindən gələn dəstəyi verir. Məhz bu yanaşma, gənclərə öz bacarıqlarını inkişaf etdirmək, təhsil almaq və cəmiyyətdə öz sözlərini demək imkanı tanıyır. Bu, həm də gənclərin motivasiyasını artırır və onlara gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün ilham verir.
İşğaldan azad edilmiş ərazilərə gənclərin tədbirlər çərçivəsində gedişi təşkil edildi. Müxtəlif layihələrlə gənclərin sosiallaşmağı, özünü inkişaf etdirməyinə təkan verildi. Ölkə başçısının həyata keçirdiyi islahatlar və gənclər üçün yaratdığı imkanlar, onları həm ölkədaxili, həm də beynəlxalq miqyasda daha aktiv və yaradıcı olmağa təşviq edir. Bu dəstək, biz gənclərin öz potensialını daha yaxşı tanımasına və cəmiyyətə faydalı işlər görməsinə şərait yaradır. Gənclər olaraq biz də ölkə başçısının göstərdiyi bu qayğı və etimada layiq olmaq üçün daha çox çalışmalı, inkişaf etməliyik. O, bizim liderimiz olaraq, bizə inanır və bu, bizə böyük güc verir. Bu istiqamətdəki təşəbbüsləri ilə ölkəmiz daha güclü, daha inkişaf etmiş və daha müasir bir gələcəyə doğru irəliləyir”.
Ayaz Zeynalzadə