Bakı, 30 yanvar, AZƏRTAC
“Ölkə çempionatına hazırlığımız davam edir. Hədəfim yaxşı oyun göstərməkdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatında iştirak edəcək Rauf Məmmədov deyib.
37 yaşlı qrossmeyster ölkə çempionatının bütün aktiv şahmatçıların iştirakı ilə təşkil edilməsinin gözəl təşəbbüs olduğunu söyləyib: “Yaxşı haldır ki, çempionatda Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov başda olmaqla, bütün tanınmış şahmatçılar çıxış edəcəklər. Bunun davamlı olmasını istərdim. Çünki Azərbaycan irəlidə gedən şahmat ölkəsidir. Biz ABŞ çempionatına baxsaq, orada bütün yüksək FIDE reytinqinə malik iti zəka sahiblərinin mübarizə apardığını görə bilərik. Güclülər oynayanda həmişə maraqlı olur”.
O, turnirin mükafat fondunun artırılmasının sevindirici olduğunu bildirib: “Ümid edirəm ki, gələcəkdə bundan da artıq olar. Fikrimcə, ölkə çempionatına xüsusi diqqət ayrılmalı, federasiya tərəfindən hər il ən lazımlı turnir kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə müxtəlif illərdə Dünya Kuboku, Qran-Pri kimi mötəbər turnirlər keçirilib. Azərbaycan çempionatı da bu yarışlar səviyyəsində təşkil olunsa, çox yaxşı olar”.
Təcrübəli şahmatçı Azərbaycan çempionatından sonra qatılacağı növbəti yarışlardan da bəhs edib: “Bu il bizi bir çox turnir gözləyir. Lakin onlardan ən əsası oktyabr və noyabr aylarında baş tutacaq Dünya Kubokudur. Ondan öncə fərdi və komandalar arasında Avropa çempionatında iştirak edəcəyik. Komandamız neçə illərdir qızıl medala sahib çıxa bilmir. Bu il mükafatçılar sırasında yer almağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan çempionatı yanvarın 31-dən fevralın 15-dək keçiriləcək. Kişi şahmatçıların çempionatının ümumi mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.