“Ermənistan ordusu yenidən aktivləşməyə başlayıb. Bir müddət öncə ermənilərin Naxçıvan istiqamətində istehkamlar tikdiyi, səngərlər qazdığı haqda məlumat yayılırdı, indi isə Kəlbəcər istiqamətində xəndəklər qazıldığına dair görüntülər paylaşılıb”.
“Ermənistan İkinci Qarabağ müharibəsindən sonra dildə sülhdən danışsa da, əməli olaraq biz əks fəaliyyətlərini müşahidə edirik. Azərbaycan və Ermənistan şərti həmsərhəd ərazilərdə məhz Ermənistan tərəfindən analit betondan yeraltı bunkerlərin hazırlanması, eyni zamanda, artilleriya vasitələri, zirehli texnikalar üçün atəş mövqelərinin qazılması, məhz Ermənistanın gələcəkdə təxribatçı fəaliyyətlərinin olacağından xəbər verir. Nəzərə almalıyıq ki, artıq şərti həmsərhəd ərazilərdə bir neçə istiqamətdə məhz Ermənistanın belə təxribatçı fəaliyyətlərini görürük. Burada, xüsusilə də monolit betondan hazırlanmış yeraltı bunkerlər uzunmüddətli döyüşün aparılması üçün nəzərdə tutulur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
Hərbi ekspert qeyd edib ki, həmin bunkerlərdə bir çox elementlər var ki, burada şəxsi heyətin uzun müddətə qalması üçün yataqxana, qidalanma mərkəzi, silah-sursat anbarları, eyni zamanda atıcı silahlar və artilleriya vasitələri üçün zirehli texnika üçün atəş mövqelərinin düzəldilməsi, Ermənistanın sülhdən çox revanşa hazırlaşdığını göstərir.
“Bunu bir neçə istiqamətlərdə qiymətləndirmək olar. Hansı ki, Ermənistanın bu təxribatçı fəaliyyətlərində orada yerləşmiş, dırnaqarası ‘mülki missiya’ adı altında təxribatçı fəaliyyətlərlə məşğul olan bir heyət var ki, məhz bu proseslərdə Ermənistanın tək olmadığını göstərir. İlk növbədə, həmin mülki missiyanın sərhədlərimizə gələrək Azərbaycanın ərazilərini müşahidə etməsi və bununla paralel olaraq belə bunkerlərin və atəş mövqelərinin hazırlanması, ucuz şoudan başqa bir şey deyil. Məqsəd olaraq beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq, guya Ermənistana hər hansısa bir formada təhlükə və təhdid olduğunu göstərməkdir. Belə fikir formalaşdıraraq Ermənistana silah və sursat yardımını artırmaq, eyni zamanda hərbi məqsədlər üçün maliyyə yardımı ayırmaq, hansı ki, bundan öncə artıq Ermənistana hərbi məqsədlər üçün ciddi vəsait ayrıldığını biz müşahidə etdik. Əlbəttə, tək sərhəddə baş verənlər yox, eyni zamanda Ermənistanda gedən proseslər, qeyd olunan silah və sursatın getdikcə genişləndirilməsi, ordusunda islahatların aparılması üçün verilən dəstəklər məhz kompleks şəkildə bu fəaliyyətin həyata keçirilməsi, Ermənistanın istər hakim partiyası, istərsə də müxalifətdə olan bir çox revanşistlərin mövqeyini gücləndirir və məhz gələcəkdə Ermənistan tərəfini belə təxribatlara həvəsləndirir. Bunlar, Ermənistanın özü üçün ağır nəticələr verəcək. Hesab edirəm, bundan sonra da belə təxribatçı fəaliyyətlər, qurğular, mühəndis istehkam işlərinin aparılması məhz Ermənistanın təxribatı fonunda Ermənistana heç bir kömək etməyəcək. Mövcud vəziyyəti Azərbaycan ciddi şəkildə diqqətdə saxlayır. Ermənistan və onun ordusunun eyni vaxtda havadarları tərəfindən şərti həmsərhəd ərazilərdə planlaşdırdıqları təxribatçı fəaliyyətlər izlənilir. Qarşılıq olaraq bu gün də Azərbaycanda adekvat cavab tədbirləri həyata keçirilir”.
Rəfiqə NAMAZƏLİYEVA