Avropa İttifaqı (Aİ) Gürcüstan və Rumıniya ərazisi ilə Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükünü nəzərdə tutan Qara dəniz enerji kabelinin (“Black Sea Energy”) çəkilməsi təşəbbüsünü diqqətlə izləyir...
Bu barədə “Report”a açıqlamasında Aİ-nin rəsmi nümayəndəsi bildirib.
O xatırladıb ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 2022-ci ilin dekabrında Buxarestdə Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycan arasında “yaşıl enerji” sahəsində tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edib.
"Avropa Komissiyası bu mühüm prosesdə müşahidəçi qismində iştirak edir. Təşəbbüs çərçivəsində sualtı kabelin çəkilməsi ilə bağlı iddialı layihə və təmiz hidrogenin tədarükü üçün mümkün ticarət marşrutları daxil olmaqla daha geniş “yaşıl enerji” dəhlizinin yaradılması nəzərdə tutulur. Biz digər ölkələrin bu təşəbbüsə qoşulmağa marağının artmasını alqışlayırıq", - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, “Black Sea Energy” layihəsi “EU Global Gateway” strategiyası çərçivəsində əsas layihədir ki, bu da beynəlxalq əməkdaşlıq aləti çərçivəsində Aİ tərəfindən maliyyələşdirilmək üçün imkanlar açır.
"Həmçinin 2024-cü ilin sonunda layihənin təşəbbüskarları onun Aİ-nin transsərhəd enerji infrastrukturu üçün "qarşılıqlı maraq doğuran layihələr" siyahısına (TEN-E reqlamenti) daxil edilməsi ilə bağlı müraciət ediblər. İndi biz ümumi və qarşılıqlı maraq doğuran layihələrin növbəti siyahısının hazırlanması zamanı zəruri təhlil və məsləhətləşmələri davam etdirəcəyik. Bu statusun əldə edilməsi layihələrə Connecting Europe Facility çərçivəsində Aİ-nin maliyyə dəstəyini almaq hüququ verir", - o bildirib.
“Black Sea Energy” Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan “yaşıl enerji”nin Gürcüstana, daha sonra Qara dənizin dibi ilə çəkilən kabellə Avropaya çatdırılmasını nəzərdə tutur. Bu dəhliz vasitəsilə ildə 4 QVt “yaşıl enerji”nin ixracı planlaşdırılır.
Texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması artıq yekun mərhələdədir. Obyektin tikintisi 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1 195 km uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy”nin reallaşdırılması çərçivəsində birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb. 2023-cü ilin iyun ayında Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bildirib. Serbiya və Moldova da layihədə iştiraka maraq göstərib.
Poliqon.info