AZ

Dünya şöhrətli azərbaycanlı futbol adamının ailəvi dostu hər şeyi “Sportinfo”ya açıqladı!

Biz 2025-ci ilin 29 yanvar tarixində tanınmış şəxsiyyət, idman xadimi və dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyini qeyd edirik.

Bu əlamətdar tarixlə əlaqədar Tofiq Bəhramovun yetirməsi, SSRİ yüksək liqasının hakimi və “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov öz xatirələrini Sportinfo.az-a bölüşüb.

Bütün dünyanın susduğu an o, qətiyyətli qərar verdi. Bu qərar Azərbaycanı bir anda bütün dünyaya tanıtdı.

Bu hadisə 1966-cı ildə, dünya çempionatının finalında baş verdi. İngiltərə - Almaniya oyunu tarixdə silinməz izlər buraxdı.

Əlbəttə, bu tarixi qərar haqqında fikirlər birmənalı ola bilməzdi. Çünki futbol dünyanın ən çox sevilən idman növüdür. Hər bir azarkeş subyektiv bir fikrə malikdir.

Mən sizə bir insanın fikrini çatdıracam. Bu, həmin çempionatın iştirakçısı, futbol hakimi, almaniyalı Rudolf Kreytleyndir.

Əgər almanlar finala çıxmasaydı, o bu matçın baş hakimi olacaqdı. Rudolf Kreytleyn səhəri gün çıxış edərək, Tofiq Bəhramovun qərarını dəstəklədiyini bildirdi və bu qərara hörmətlə yanaşmağı xahiş etdi.

Mən bu tarixi oyunu uşaq ikən televizor vasitəsilə izləmişəm. Sonralar futbolçu karyeramı bitirib hakimliyə başlayarkən və hər dəfə Tofiq müəllimlə rastlaşıb, onunla söhbətləşəndə, unudulmaz və qəribə hisslər keçirirdim.

Onun nə qədər səmimi, sadə və pozitiv bir insan olduğunu özüm üçün kəşf etdim.

Evlərinə tez-tez gedirdim. Onunla dənizkənarı bulvarda gəzib, söhbət edərdik.

Yanımızdan keçənlərin böyük əksəriyyəti Tofiq müəllimlə salamlaşarkən, mən həmin hissləri bir daha xatırlayırdım. Evlərində xanımı bizə çay gətirərkən, onunla çox hörmətlə danışar, bəzən də iradlarını bildirərdi.

Tofiq müəllim insanlarla münasibətdə həmişə çox diqqətli idi. Hətta bir dəfə məni özü ilə yaşadığı binanın sakinlərinin ümumi yığıncağına aparmışdı.

İnsanların ona olan baxışları və münasibəti mənə zövq verirdi. Mən fəxr edirdim ki, Tofiq müəllimin yanında oturmuşam.

Daha bir tarixi faktı qeyd etməyi özümə borc bilirəm. Mövsümün əvvəlində Azərbaycan hakimlərinin təqdimat siyahısı təsdiq olunur və Moskvaya göndərilirdi.

Mənim adım orada aşağı səviyyədə qeyd olunmuşdu. Sonradan Tofiq müəllim şəxsi imzası ilə mənə individual təqdimat hazırladı və bu təqdimat Moskvaya göndərildi.

Azərbaycanda bu təqdimat haqqında heç kimin xəbəri yox idi. Bu xüsusi təqdimatın mənim hakimlik həyatımda böyük rolu olub.

Ümumiyyətlə, mənim hakim kimi formalaşmağımda onun əvəzsiz zəhməti var.

Daha bir hadisəni xatırlamalıyam. Bu, 1983-cü ilə aiddir.

Tofiq Bəhramov hakimlik fəaliyyətini bitirdikdən sonra SSRİ hakimlərinin ən yüksək qrupunun təlim-məşq toplanışının rəisi seçilmişdi.

Həmin il biz Krasnodar vilayətinin toplantısında iştirak edirdik. Tofiq müəllim isə elit hakimlərlə Soçi şəhərində idi.

Bir gün vaxt edib, bizimlə görüşməyə qərar verdi. O gələn vaxt bizdə fasilə olduğu üçün bütün iştirakçılar həyətə çıxmışdılar.

Azərbaycan hakimləri bir yerə toplaşıb, söhbət edirdik. Bu zaman başqa respublikadan olan bir hakim həyəcanla qışqırdı: “Uşaqlar, Bəhramov gəlir”.

Bu səs bu gün də mənim qulağımdadır. Tofiq Bəhramov yeganə hakim idi ki, yaş həddi 50 olduğu halda, ona ölkə çempionatında 51 yaşı tamam olana qədər hakimlik etməyə icazə verilmişdi.

Yalnız o, SSRİ-ni iki dünya çempionatında təmsil etmişdi. Hətta deyilənə görə, 1974-cü ildə dünya çempionatı Almaniyada yox, başqa ölkədə keçirilsəydi, ölkəni yenidən Tofiq Bəhramov təmsil edəcəkdi.

1970-ci ildə dünya çempionatının yarımfinal matçını və 1968-ci ildə Avropa çempionatının oyunlarını məharətlə idarə etmişdi.

İngiltərədə keçirilən dünya çempionatına qədər yalnız final oyununun baş hakiminə “qızıl fit” mükafatı verilirdi. Həmin ildən sonra bu mükafat hakimlər briqadasının hər bir üzvünə verilməyə başladı.

O, ölkə çempionatının həmişə prinsipial oyunlarını idarə edirdi.

1970-ci ildə SSRİ çempionatının yekununda 2 komanda - MOİK və “Dinamo Moskva” bərabər xal toplamış və qalibi müəyyən etmək üçün əlavə oyuna ehtiyac yaranmışdı. Daşkənd şəhərində keçirilən bu matçı Tofiq Bəhramov ustalıqla idarə etmişdi.

O, 1972-ci ildə UEFA Kubokunun final matçına ("Vulverhemton" - "Tottenhem"), Çempionlar Liqasının yarımfinalının “Mançester Yunayted” - “Real Madrid” oyununa və Qitələrarası kubokun "İndependyente" - "Ayaks" finalına təyinat alıb.

1992-ci ildə AFFA təsis olunduqdan sonra Tofiq müəllim ilk baş katib olub.

Həmin il Birləşmiş Krallığın Baş naziri Marqaret Tetçer Azərbaycana işgüzar səfərə gəlmişdi və xahiş etmişdi ki, onunla görüşə Tofiq Bəhramov da dəvət olunsun.

Dünya şöhrətli futbolçu, SSRİ-dən yeganə “qızıl top” sahibi, qapıçı Lev Yaşin futbolçu kimi fəaliyyətini bitirərkən öz xatirə matçına dünya futbolunun bütün ulduzlarını dəvət edərək, bu oyununn idarə olunmasını Tofiq Bəhrəmovdan xahiş etmişdi.

2010-cu ildə tanınmış ingiltərəli hakimi Qrem Poll Tofiq Bəhramovu dünyanın "Ən yaxşı 50 futbol hakimi" siyahısına salmışdı.

Sonda söyləməliyəm ki, 50 ildən sonra - 2016-cı ildə “Sky Sports” kanalı müasir video texnologiyalardan istifadə etməklə topun həqiqətən qapı xəttini keçdiyini sübut edib”.

Seçilən
2
3
sportinfo.az

10Mənbələr