29 yanvar 2025-ci il tarixdə Tacikistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tacikistandakı Dostluq və Əməkdaşlıq Mərkəzində “ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” mövzusunda beynəlxalq dəyirmi masa təşkil olunub. Dəvətə əsasən Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov sözügedən tədbirdə iştirak edib.
Tacikistan Respublikası XİN-in MDB ölkələri departamentinin rəhbəri, ŞƏT işləri üzrə milli koordinator v.i.e. Əhməd Saidmurodzoda tədbirdə çıxış edərək, Tacikistanın ŞƏT ilə əməkdaşlığı və bu çərçivədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsində görülmüş işlərdən söhbət açıb.
O, ŞƏT Dövlət Başçıları Şurasının 2024-cü ilin 4 iyul tarixli qərarı ilə Düşənbə şəhərində açılması nəzərdə tutulan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əsas element rolunu oynayacaq ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin yaradılmasından və bu istiqamətdə aparılan işlərdən danışıb.
Tədbirdə çıxış edən səfir Əlimirzamin Əskərov Azərbaycanın ŞƏT ilə əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini, Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa qlobal təhdidlərin və çağırışların həllinə çoxtərəfli yanaşmanın tərəfdarı olduğunu və bu kontekstdə Azərbaycanın xarici siyasətinin ŞƏT-in paylaşdığı məqsədlərlə üst-üstə düşdüyünü qeyd edib.
Həmçinin, narkotik vasitələrə tələb və təklifin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, genişmiqyaslı məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, müalicə üsulları və reabilitasiya xidmətləri sisteminin genişləndirilməsini nəzərdə tutan ardıcıl beşillik dövlət proqramlarının qəbul edildiyini və Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətlərini qeyd edib.
Tədbirdə iştirak edən ŞƏT-ə üzv ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri çıxışlar edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində ölkələrində həyata keçirilmiş tədbirlər barədə söhbət açıblar.