"Bugünkü gündə insanların sağlamlıq problemləri artıb və bunun əsas səbəblərindən biri yaşadığımız mühit, ekoloji şərait, keyfiyyətsiz su və hava, həmçinin qidaların çoxunun keyfiyyətsiz olmasıdır. İnsanlar yaşadıqları ərazinin məhsulu ilə qidalanmalıdır, amma bu, çox vaxt mümkün olmur. Buna görə də xəstəliklərin sayı artır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev dərman qiymətlərinin baha olmasını şərh edərkən dedi. Onun sözlərinə görə, bu, əsasən dərmanların ölkəmizdə istehsal edilməməsi ilə bağlıdır:
"Dərmanların baha olması da bir başqa problemdir. Sovet dövründə Azərbaycanda lazımi zavodlar qurulmayıb və sonradan müharibələr də bu sahədə irəliləyişin qarşısını alıb. Dərmanların xaricdən gətirilməsi ölkəni asılı vəziyyətə salır və bu, qiymətləri yüksək tutmağa səbəb olur. Digər bir mühüm məsələ, müəyyən şirkətlərin dərmanların qiymətlərini istədikləri kimi müəyyən etməsidir. Bu da əhali arasında narazılığa səbəb olur. Bəzi dərmanlar və tibbi alətlər vaxtı keçmiş vəziyyətdə bazara çıxarılır, bu da əlavə narazılıqlar doğurur. Əhalimizə keyfiyyətsiz məhsullar gətirən və bununla yanaşı qiymətləri artıran şirkətlər və şəxslər daha çox diqqətə alınmalıdır. Bu, yalnız cinayət məsuliyyəti deyil, həm də əhalinin sağlamlığını təhlükəyə atmaqdır".
Həkim vurğuladı ki, yerli dərman zavodları açılmalı və daxili istehsal gücləndirilməlidir:
"Hətta bəzi zavodlar açılmağa başlasa da, hələ də lazım olan dərman miqdarını tam olaraq istehsal edə bilmirik. Bununla yanaşı, dərmanlar və tibbi alətlərə xaricə xərclədiyimiz pullar böyük məbləğlərə çatır və bu, ölkə iqtisadiyyatına zərbə vurur. Yerli istehsalın artırılması və dərmanların qiymətlərinin aşağı salınması üçün daha çox tədbir görülməlidir. Bu, yalnız dərman istehsalı ilə məhdudlaşmamalı, həm də əhalinin sağlamlığını qorumağa yönəlmiş hərtərəfli bir siyasət olmalıdır".
Türkan İSGƏNDƏRLİ