AZ

Qara Qarayev bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi

Azərbaycan  Respublikasının   Xalq artisti,  professor, AMEA-nın  müxbir-üzvü,  UNESCO-nun  “Sülh artisti,   “Şərəf” və “Şöhrət”  ordenləri laureatı Azərbaycan  Bəstəkarlar  İttifaqının  sədri  Firəngiz xanım Əlizadə  müasir Azərbaycan  musiqi  mədəniyyətini   dünya miqyasında   təmsil edən ən məşhur  simalardan  biridir. Onun yaradıcılığı,  son dərəcə orijinal əsərləri  haqqında  dünyanın  ən nüfuzlu  musiqiçiləri, tənqidçiləri   öz dərin fikirlərini  söyləmişlər.  Bəstəkarın əsərləri   dünyanın  ən mötəbər  musiqi  festivallarında,  xarici  ifaçılar  tərəfindən,  ən möhtəşəm  konsert  salonlarında və  teatr  səhnələrində   səsləndirilmişdir.

Firəngiz  Əlizadə  təkcə  Azərbaycan  çərçivəsində  deyil,  bütün dünya  arenasında    möhkəm  mövqeyə malik sənətkardır. O,  həm  bəstəkar, həm  ifaçı, həm də  musiqişünas kimi beynəlxalq  aləmdə  böyük  nüfuz qazanmaqla  yanaşı, həm də   ictimai fəaliyyətinə  görə də şöhrət  tapmışdır. Belə ki,  2007-ci ildən Azərbaycan  Bəstəkarlar  İttifaqına  sədrlik etdiyi  andan  bugünədək  onun  titanik əməyi  sayəsində, demək olar ki, bu  yaradıcılıq  birliyi  bir çox  bəstəkar və musiqişünas üçün  doğma  ocağa  çevrilmişdir. 

Bildiyimiz  kimi,  Azərbaycan  Bəstəkarlar  İttifaqı  -  mədəniyyət  sahəsində müxtəlif nəsillərdən  olan  yaradıcı   insanları  birləşdirən vacib bir  sistemdir. Burada ənənələrin  varisliyi və  gələcəyə  irəliləmə  əsas  məqsəd  daşıyır.  Təsadüfi  deyil ki, belə   bir  yaradıcı birliyin  başında  öz dövrünü  təmsill edən  dahi insanlar  durmuşdur: Üzeyir Hacıbəyli,   Qara  Qarayev, Tofiq Quliyev, Aqşin  Əlizadə...

Firəngiz xanım Əlizadə isə  1974-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1979-cu ildən   onun İdarə heyətinin  katibi (qeyd  edim ki, bütün Sovet İttifaqında  ən gənc katib idi), 2007-ci ildən  isə  sədri  seçilmişdir. Sonrakı  seçkilərdə  də (2012, ...)  iki dəfə  Firəngiz xanım İttifaqın sədri  seçilmişdir. Bu, bir  daha  həmkarlarının  ona göstərdiyi  etimadı təsdiq edir.

Firəngiz  xanımın bu günədək Bəstəkarlar  İttifaqına uğurla  rəhbərlik etməsinin  səbəbi öz fəaliyyətində  korifeylərimizin ənələrini davam etdirməsi olmuşdur.  Xüsusi olaraq,  Üzeyir Hacıbəyli  dühasına  verdiyi  yüksək qiymət ona öz işində    daha  məsuliyyətli və  vicdanlı olmağa  məcbur edir.  
F.Əlizadə öz seçdiyi  yolu  inamla  davam etdirir. Azərbaycan  musiqi  həyatında  baş verən  hər hansı   dəyişikliklərə  baxmayaraq,   F.Əlizadənin  daşıdığı  əsas  missiya – Azərbaycan  akademik  musiqinin  populyarlaşdırmaqdır.

Məhz Qara Qarayev  bəstəkarlıq  məktəbinin parlaq nümayəndələrindən  biri olan  Firəngiz xnım Əlizadənin  Azərbaycan  Bəstəkarlar  İttifaqına sədrliyi  müddətində  bu qocaman  yaradıcılıq  birliyinin  həyatında  əlamətdar  hadisələr  baş vermişdir. İlk öncə,  qeyd  edək  ki, məhz  Firəngiz  xanım  İttifaqa sədr  seçildikdən sonra 1964-cü ildən  1991-ci ilədək  İttifaqın  istifadəsində  olan və şəhərin  mərkəzində  yerləşən gözəl binanın  yenidən özünə qaytarılması məsələsi  müsbət həllini tapmış və  bu qədim  tarixi  bina əsaslı təmirdən, yenidənqurma işlərindən  sonra  yenidən musiqiçilərin ixtiyarına  verilmişdir.  Məhz  Firəngiz Əlizadənin  sədrliyi  altında  Bəstəkarlar  İttifaqı  müasir  texniki avadanlıqla,  musiqi alətləri ilə   təmin edilmişdir. 
2009-cu ildə Azərbaycan  Bəstəkarlar  İttifaqının yaradılmasının  75  illiyi ərəfəsində  binanın təntənəli surətdə açılış  mərasimi  yəqin hamının  yadındadır. Belə bir tənrənəli   tədbirdə    Azərbaycan Respublikasının Prezidenti   cənab İlham Əliyevin və   birinci  xanım,  UNESCO və İSESCO-nun

Xoşməramlı səfiri,  Heydər Əliyev Fondunun Prezidenti  Mehriban  xanım Əliyevanın   iştirak etməsi   musiqi  ictimaiyyəti  üçün əsl bayrama çevrilmişdir.

Bəstəkarlar  İttifaqının  75 illik  yubiley tədbirləri bir sıra  əlamətdar  hadisələrlə  yadda  qalmışdır. Yubileylə  əlaqədar  Beynəlxalq  Musiqi Festivalının təşkilində  və  keçirilməsində, şübhəsiz ki, F.Əlizadənin  müstəsna  rolu  olmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü  və təşkilatşılığı ilə  Respublikada  həyata  keçirilən   beynəlxalq  miqyaslı musiqi  layihələrində   Bəstəkarlar  İttifaqı da fəal  iştirak edir. Burada  xüsusi olaraq,  "Üzeyir Dünyası", "Muğam ensiklopediyası" layihələrinin, "Muğam Aləmi" Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri kimi  Firəngiz Əlizadənin əvəzedilməz rolu danılmazdır. Həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının  təsis etdiyi və geniş vüsət  aldığı “İpək yolu” Beynəlxalq  Musiqi Festivalının 2010-cu ildən başlayaraq  hər il Azərbaycanın  qədim  mədəniyyət mərkəzlərindən biri olan  Şəki şəhərində  keçirilməsi  bir ənənə halı almışdır.

Azərbaycan Bəstəkarlar  İttifaqı və onun  sədri  Firəngiz Əlizadə  Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Mstislav Rostropoviç adına, Qara Qarayev adına, eləcə də Qəbələ  və Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalların  da təşkilində yaxından  iştirak edir.

Bəstəkarlar  İttifaqının   fəaliyyət  istiqamətlərinin  müəyyənləşdirilməsində  Firəngiz Əlizadənin  təcrübəsi  və   biliyi  mühüm rol oynayır. Onun təşəbbüsü  ilə   İttifaqda  bəstəkarlarımızın   xatirəsinə həsr olunan tədbirlərin  -yubileylərin,  konsertlərin, konfransların, anım günlərinin keçirilməsi  daimi xarakter  almışdır. Bəstəkarlarla  bərabər,  musiqişünasların da  elmi  yaradıcılığını  işıqlandıran konfransların təşkil edilməsi önəmlidir.

Firəngiz Əlizadənin  beynəlxalq  nüfuza  malik olması   onun  rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar  İttifaqının da   beynəlxalq əlaqələrinin  genişlənməsinə əhəmiyyətli  təsir göstərmişdir. Xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamızda konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, həmçinin, xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması,  Azərbaycan akademik musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində  Firəngiz Əlizadənin  rolu danılmazdır.

Məlumdur ki, Azərbaycan Bəstəkarlar  İttifaqının republikanın   5 bölgəsində - Naxçıvan, Gəncə,  Qarabağ, Lənkəran və Şəki   regional  mərkəzləri  fəaliyyət  göstərir. Bunlardan  sonuncu – Şəki  regional mərkəzinin  açılması, bilavasitə Firəngiz xanımın  İttifaqa sədrlik etməyə başladığı ilk illərdə - 2008-ci ildə mümkünləşmişdir ki, bu da  həmin bölgədə   fəaliyyət  göstərən  istedadlı  gənclərin yaradıcılığına  yardım göstərmək, onlara inkişaf etməyə   kömək etmək, dəstək olmaq, həm də  onları  birləşdirmək  məqsədi  daşıyır.

Gənc musiqiçilərin   yaradıcılığının  işıqlandırılması  F.Əlizadənin daima   diqqət mərkəzindədir. Bu məsələ  Bəstəkarlar  İttifaqının fəaliyyətinin əsas  istiqaməti  kimi önəmlidir. Burada  mütəmadi  olaraq gənclərin yaradıcılığına  həsr olunan  festival,  plenum, konsert və digər tədbirlərin keçirilməsi  onlara  olan inamı və etimadı  nümayiş etdirir. Firəngiz  xanımın sədrliyi  ərzində, yəni 2007-ci ildən  etibarən  gənclərin  musiqi  yaradıcılığına həsr  olunmuş çox sayda  plenumlar, konsertlər  və digər  tədbirlər keçirilmişdir.  Ona  fəaliyyətinin  qiymətləndirilməsi  təqaüd və mükafatların   verilməsi ilə  müəyyənləşir ki, bu  da  gənclərin yaradıcılığına  olan diqqət və  qayğının  bariz  nümunəsidir. Məhz  belə  qayğıkeş  münasibət nəticəsində peşəkarcasına  yazılmış əsərlərin  yaranması  mümkünləşir. 

F.Əlizadə  İttifaqa  rəhbərlik etdiyi  andan  Azərbaycan  bəstəkarlarının  ən yaxşı əsərlərinin təksə ifası   və nəşri ilə deyil, həm də  xaricdə səsləndirilməsi   məsələsi ilə  də ciddi məşğul olmağı  prioritet  məsələ  kimi  qarşısına məqsəd   qoymuşdur. Müsahibələrinin  birində - ”Azərbaycan musiqisinin beynəlxalq səviyyəyə çıxması üçün çalışacağam. Mənim niyyətim odur ki, Bəstəkarlar İttifaqı dəyərli bəstəkarların gözəl musiqilərini dünyada təbliğ etsin. Muğamı, aşıq musiqisini, ümumiyyətlə, milli musiqimizi qorumaq, nota yazmaq, internet vasitəsi ilə bütün dünyaya yaymaq məqsədimiz var. Bu, çox böyük işdir və biz bütün bu işləri yaxın zamanlarda həyata keçirmək istəyirik”- deyən  Firəngiz xanım  öz mövqeyində möhkəm duran sədrdir. 

Musiqi əsərlərindən  əlavə,  bəstəkar və  musiqişünasların  yaradıcılığı  haqqında  geniş ictimaiyyəti  məlumatlandırmaq  məqsədilə  kitabçaların  nəşr etdirilməsi də  Bəstəkarlar  İttifaqının yerinə  yetirdiyi  vacib vəzifələrdən  biridir.  

Artıq  neçə ildir ki, Azərbaycanın  mənzərəli  guşələrindən  birində -  Şabranın Pirəbədil  kəndində    Bəstəkarlar  İttifaqının  üzvləri üçün Yaradıcılıq  Evinin  istifadəyə  verilməsi   onların  yaradıcılıq   stimulunun artırılmasına səbəb  olmuşdur.

Keçən il Azərbaycan Bəstəkarlar İttifaqının  90 illik yubileyi təntənəli şəkildə  qeyd olunmuşdur. Bununla  bağlı geniş  tədbirlər planı  həyata  keçirilmişdir. Yubiley tədbirləri  Azərbaycanın   Bakı, Gəncə, Şəki, Şuşa şəhərlərindən  əlavə, Almaniyanın Berlin  şəhərində  də  keçirilərək  Azərbaycan bəstəkarlıq məktəbinin  müasir vəziyyəti haqqında  geniş təsəvvür  yaratmışdır. 

Bu tədbirlər  sırasında  Şuşada  Azərbaycan  Bəstəkarlar  İttifaqının  səyyar plenumunun keçirilməsi, xüsusilə  əlamətdar  olmuşdur. Şübhəsiz,  bu plenum əvvəlkilərdən, tamamilə  fərqlənirdi. Uzun  sürən ayrılıqdan  sonra  Firəngiz Əlizadənin rəhbərliyi ilə  40 nəfərdən ibarət  nümayəndə   heyətinin iştirakı ilə  bəstəkarlarımız və  musiqişünaslarımız işğaldan azad olunmuş  doğma  torpağa, Ü.Hacıbəylinin, Bülbülün, Qarabağ muğam məktəbinin  görkəmli nümayəndələrinin   yurduna gəlməklə öz ehtiramlarını  bildirdilər.

Bəstəkarlar  İttifaqının  yubiley  ili çərçivəsində  həyata keçirdiyi  daha bir  əlamətdar  hadisə   - “Azərbaycan Bəstəkarlar  İttifaqı-90” yubiley  medalının  təsis  edilməsi  idi. İtifaqının   qocaman  üzvlərindən  - Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət  xadimi Zemfira Qafarova, akademik Zemfira Səfərova,  professor İmruz Əfəndiyeva və Həcər Babayeva ilə  yanaşı, mən də  yubiley  medalı ilə  təltif   olunduğuma görə  qürur  hissi  keçirirəm.
Bütün bu  sadalananlar Firəngiz Əlizadənin  sədrliyi ərzində  Bəstəkarlar İttifaqının  əldə etdiyi  nailiyyətlərdəndir.

Firəngiz  Əlizadənin  sədrliyi ərzində İttifaqın bir neçə  qurultayı  keçirilmiş və bunların   hər biri  dövrün, zamanın tələblərini, problemlərini  özündə əks etdirmişdir. 2025-ci il yanvarın  24-də  keçirilən  Azərbaycan  Bəstəkarlar  İttifaqının  növbəti qurultayında öz həmkarlarının  etibarını   qazanan  Firəngiz xanım  Əlizadə yenidən  İttifaqın sədri  seçilərək  bu məsuliyyətli  işi layiqincə davam etdirəcəyini   bildirdi.

Firəngiz Əlizadə  əsl vətənpərvərdir.  Vətəndən  uzaqda  olduqda   belə,  onun  ürəyi hər zaman  Azərbaycanla birgə  döyünmüş, Azərbaycan vətəndaşı  olduğuna  görə hər zaman fəxr etmişdir. Daima  yaradıcılıq axtarışında olan sənətkar  harada  olmasından  asılı olmayaraq,  doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət etməyə  hər zaman hazırdır. Əminəm ki, qarşıda  bizi Firəngiz Əlizadənin   sədrliyi ilə Azərbaycan Bəstəkarlar  İttifaqının  tərkibində   maraqlı və  məhsuldar   fəaliyyət  gözləyir.

Rəna Məmmədova
AMEA-nın  müxbir-üzvü, professor,
Sənətşünaslıq elmləri doktoru

Seçilən
2
2
adalet.az

10Mənbələr