AZ

“Coca-Cola”da həddən çox xlorat tapıldı - Avropa ölkələrində təcili qərar verildi...

Image

"The Coca-Cola Company" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib. Bu barədə "Agence France-Presse"ə şirkətdən bildirilib.

Onların məlumatına görə, tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" markalarının qutularda və şüşələrdə olan məhsullarına aiddir. 

Bu cür içkilər Azərbaycanda da satışdan qaldırıla bilərmi?

Asim Vəliyev: "Yüksək səviyyədə xloratlar insan sağlamlığı üçün zərərli ola bilir"

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Bakı -Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu xəbər “Coca-Cola” kimi qlobal bir şirkətin məhsul təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər gördüyünü göstərir: “Xloratlar kimyəvi birləşmələrdir və suda və qida məhsullarında müəyyən miqdarda ola bilər. Yüksək səviyyədə xloratlar insan sağlamlığı üçün zərərli ola bilir.  

Xloratlar xlorun oksigenlə birləşməsindən yaranan kimyəvi birləşmələrdir. Onlar sənaye proseslərində, suyun dezinfeksiyasında və bəzi qida məhsullarının istehsalında istifadə olunur. Lakin yüksək miqdarda xloratlar bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır.  Xloratlar qırmızı qan hüceyrələrini məhv edərək hemolitik anemiyaya və həmçinin xloratlar orqanların funksiyalarını pozaraq uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bu hal uşaqlar üçün daha təhlükəlidir, çünki onların orqanizmi zəhərli maddələrə qarşı daha həssasdır.  Bu məhsulun geri çağırılmasının səbəbi istehlakçıların təhlükəsizliyini qorumaqdır. Yüksək xlorat səviyyəsi insan sağlamlığı üçün risk yaradır, buna görə də şirkət məsuliyyətli bir addım atıb".

Həmsöhbətimizin sözlərinə görə,   qazlı içkilərin mütəmadi istehlakı qan-damar və sümük sağlamlığı ilə bağlı riskləri artırır: "Araşdırmalar göstərir ki, bu cür içkiləri daim qəbul edən şəxslərdə ürək xəstəlikləri riski həmin içkiləri nadir hallarda istifadə edən insanlara nisbətən təxminən daha yüksəkdir. Bundan əlavə, qazlı içkilərin tərkibində fosfatın yüksək miqdarda olması sümük sağlamlığı üçün mənfi təsir göstərir. Fosfatın normadan artıq qəbulu bədəndə kalsium balansını pozaraq sümüklərin zəifləməsinə səbəb ola bilər. Bu cür içkilərdə adətən kalsium kimi vacib mineralların olmaması və yüksək fosfat tərkibi sümük inkişafı üçün zərərli təsir edir. Xüsusilə gənclərin bu içkiləri həddindən artıq qəbul etməsi sümük problemlərinin yaranmasına səbəb ola bilər. Orqanizmdə fosfat və kalsium arasında balansın qorunması sağlam sümüklər üçün mühüm əhəmiyyət daşıdığından, qazlı içkilərin nəzarətsiz istehlakı bu balansın pozulmasına və uzunmüddətli sağlamlıq problemlərinə gətirib çıxara bilər. Rəngli qazlı içkilərdə kofein də mövcuddur. Kofein mərkəzi sinir sistemini stimullaşdırır, həddindən artıq qəbulu yuxusuzluq yaradır".

AQTA: "Qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən  bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib: "Ölkəmizə idxal edilən bütün qida məhsulları kimi, "Cola" və digər qablaşdırılmış sərinləşdirici içkilər də riskəsaslı yanaşma tətbiq etməklə mövcud nəzarət tədbirlərinə cəlb edilir. Yalnız laborator sınaq nəticələri məhsulun istehlaka yararlı olduğunu göstərdikdən sonra həmin məhsulların satışa çıxarılmasına icazə verilir".

Günel CƏLİLOVA





Seçilən
1
33
baki-xeber.com

10Mənbələr