Həm Avropa İttifaqı, həm də ABŞ-ın yeni administrasiyası əmindir ki, Ukraynada müharibəyə son qoymaq üçün Rusiyaya təzyiq etmək lazımdır, çünki o, təcavüzkardır.
Herbiand.az xəbər verir ki, bu fikirləri “Alman Dalğası”na Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
"Bu müharibəni Rusiya başladı. Rusiya isə dinc əhalini və mülki infrastrukturu bombalamağı dayandırmaqla, öz qoşunlarını Ukraynadan çıxarmaqla buna son qoya bilər. Ona görə də biz onlara (Rusiya hakimiyyəti - red.) təzyiq göstərməliyik".
Avropa diplomatiyasının rəhbəri Vaşinqtonda hazırkı situasiya ilə bağlı konkret baxış olduğunu bildirib: “Bundan başqa, prezident Tramp Putinə qarşı çox sərt bəyanatlar verib. Ona görə də məncə, bizim vəziyyətə oxşar baxışımız var".
Onun sözlərinə görə, ABŞ-ın yeni dövlət katibi Marko Rubio ilə ilk telefon danışığından sonra o, əmin olub ki, Vaşinqton Brüssel kimi Ukraynada müvəqqəti barışıq yox, davamlı sülh istəyir. "Rusiyanın yeni hücumu ehtimalını istisna edəcək sülhə ehtiyacımız var. Yadda saxlamalıyıq ki, Rusiya Federasiyası öz ÜDM-nin 9 faizini hərbi sənayeyə yatırır. Ona görə də biz həqiqətən də güclü olmalıyıq".