AZ

AŞPA-nın bürokratik və ədalətsiz üzü

Azərbaycan nümayəndə heyətindən sonra “Gürcü arzusu” bloku da Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırıb

Ötən ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandıran Azərbaycan nümayəndə heyətindən sonra Cənubi Qafqazın daha bir dövlətinin - Gürcüstanın təmsilçiləri  də oxşar addım atıblar. Belə ki, qonşu ölkənin  hakim “Gürcü arzusu - demokratik Gürcüstan “ Partiyasından olan parlamentarilər AŞPA-da fəaliyyətlərini dayandırıblar. “Gürcü arzusu” komandasının birgə qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”, - deyə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü arzusu” Partiyasının üzvü Tea Tsulukiani bildirib.

Ötən il Azərbaycan, bu il isə Gürcüstan

Bir sıra Avropa təsisatları demokratiyanın aliliyi, ölkələrin suverenliyi ilə bağlı davamlı şəkildə bəyanatlar versələr də, reallıqda özləri bu prinsiplərə əməl etmirlər. Avropa Şurası Parlament Assambleyası da bu sırada yer alır. AŞPA-da təkcə son vaxtlarda qəbul olunan qərəzli qətnamələr  ondan xəbər verir ki, qurum güc mərkəzləri tərəfindən milli dövlətlərə qarşı təzyiq aləti qismində istifadə olunur, burada ikili standartlar önə çəkilir. Təbii ki, AŞPA-da təmsil olunan milli dövlətlər belə yanaşmaları qəbul etmirlər və ciddi etirazlarını bildirirlər. Öz siyasətində müstəqillik və suverenlik prinsiplərindən çıxış edən Azərbaycan 2024- cü ilin yanvar ayında mövqeyini birmənalı şəkildə otaya qoydu. Məlum olduğu kimi, Azərbaycanın  AŞPA-da  təmsilçiliyinin əsası 2001-ci ildə qoyulub. İkitərəfli münasibətlərdə zaman-zaman baş verən dalğalanmalara baxmayaraq, Azərbaycanın heç vaxt qurumla əlaqələrini kəsmək kimi bir niyyəti olmayıb. Lakin 2024-cü ilin yanvarında AŞPA-nın atdığı addım qırmızı xəttin keçilməsi olub və Azərbaycan da buna adekvat şəkildə cavab verib. Söhbət ondan gedir ki, Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Qarabağda suverenliyini tam təmin etməsi AŞPA-da qısqanclıqla qarşılanıb və burada ölkəmizə qarşı sanksiya xarakterli qətnamə qəbul olunub. Təbii ki, bu da Azərbaycanın sərt reaksiyası ilə qarşılanıb. Belə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti 2024-cü il yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

AŞPA-nın  milli dövlətlərin maraqlarına zidd yanaşmaları Azərbaycanda olduğu kimi, Gürcüstanda da etirazlar doğurur. Tea Tsulukianinin sözlərinə görə, Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, bununla belə, qurum etimadnamələri tanıyıb, lakin müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub. O həmçinin qeyd edib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və xalqa qarşı şantaj dayandırıldıqdan sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək. Fikirlərinə davam edən Tea Tsulukiani əlavə edib ki, nümayəndə heyətinin etimadnaməsi ilə bağlı qeyd-şərtlərə etiraz bildirilməməsi seçicilərin əksəriyyətinə və “Gürcü arzusu” ictimaiyyətinə xəyanət etməyə bərabər olardı. “Gürcüstan təbii ki, bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır. Ancaq bizim parlament nümayəndə heyətimizin üzvləri Parlament Assambleyasında iştirakını yalnız o zaman bərpa edəcəklər ki, gürcü dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişəcək, şantajlara son qoyulacaq, rəsmi və qeyri-rəsmi bütün qərar qəbul edənlər, onların arxasında duran qüvvələr yaxşı anlayacaqlar ki, bu cür təzyiqlər Gürcüstanı və onun əhalisinin seçdiyi hökuməti heç bir anti-gürcü addım atmağa məcbur etməyəcək”, - deyə Gürcüstandan olan parlamentari vurğulayıb.

AŞPA-da əsassız şərtlər irəli sürülür

AŞPA-nın Gürcüstanda yeni parlament seçkilərinin keçielməsi tələbi qonşu Gürcüstanda haqlı olaraq milli dövlətə qarşı açıq şantajın, gürcü xalqının seçiminə hörmətsizliyin ifadəsi anlamında qəbul olunur. “Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayandan yalnız ikili standartları müşahidə edirik. Onlar ötən ilin oktyabrında Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrindən razı deyillər. Onların Gürcüstanda parlament seçkilərində hər hansı qanun pozuntusu ilə bağlı heç bir sübutları yoxdur. Çünki seçkilərdə heç bir qanun pozuntusu olmayıb. Seçkilər yüksək standartlara uyğun keçirilib. ATƏT-in müşahidə missiyasının yekun bəyanatında da bu, öz əksini tapıb. Seçkilərdən 3 ay keçməsinə baxmayaraq, onlar hələ də seçki pozuntuları ilə bağlı sübutları ortaya qoya bilməyiblər”. Bu fikirləri Gürcüstanın AŞPA-da nümayəndə heyətinin üzvü Givi Mikanadze ifadə edib.

Deputat bildirib ki, seçkilər ilk dəfə quraşdırılmış elektron maşınlar vasitəsilə aparılıb və ədalətli keçib. AŞPA-da deyilənlər isə reallıqla ziddiyyət təşkil edir. AŞPA-da bəzi qüvvələr Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə etiraz etmək istədiklərini deyirlər. Bunu Monitorinq komitəsinin təqdim etdiyi məruzə layihəsində də aydın görürük, nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsi üçün şərtlər irəli sürülür.

“Bu şərtlər ondan ibarətdir ki, Gürcüstan yeni parlament seçkiləri keçirməlidir və yeni seçkilərin tarixi aprelədək müəyyən edilməlidir. Bu, tamamilə qəbuledilməzdir. Bu, Gürcüstanın daxili işlərinə müdaxilədir və gürcü xalqının iradəsinə ziddir. Bu, bizim üçün qırmızı xətdir. Gürcüstanda növbəti parlament seçkiləri 2028-ci ildə keçiriləcək”, - deyə G. Mikanadze vurğulayıb. O bildirib ki, AŞPA-da ikili standartlar davam edir. “Gürcüstan nümayəndə heyətinin etimadnamələri qeyd-şərtsiz təsdiq olunmalıdır”, - deyə deputat diqqətə çatdırıb.

Gürcüstan ədalətli münasibət istəyir

Əgər Gürcüstan dövlətinə qarşı ədalətli münasibət olmasa, Gürcüstan parlamenti Avropa Şurası Parlament Assambleyasında iştirak etməyəcək”. Belə bir bəyanatla Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib.

Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Avropa Şurası Parlament Assambleyasının ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb. O, bu barədə  “İmedi” telekanalına müsahibəsində bildirib. “Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi”- deyə, o qeyd edib.

Qeyd edək ki, AŞPA-nın 134 deputatından 114-ü qətnamənin lehinə, 13-ü əleyhinə səs verib, 7-si isə bitərəf qalıb.

Mübariz ABDULLAYEV

Seçilən
1
50
yeniazerbaycan.com

10Mənbələr