"Şəki" basketbol klubu ardıcıl 8 qələbə qazanmaqla yeni rekorda sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda bununla son 3 mövsümdə heç bir klubun edə bilmədiyi nəticəyə imza atıb.
Şəki təmsilçisi dekabrın 1-də Gəncədə yerli komandaya məğlubiyyətdən bəri yenilgi ilə tanış olmayıb. Bu müddətdə keçirilən bütün 8 qarşılaşma şəkililərin qələbəsi ilə başa çatıb.
Bedri Meriçin yetirmələri hazırda A qrupunun lideri və son ölkə çempionu "Sabah"la bərabər, cari mövsümün ən az məğlubiyyət üzü görən komandasıdır. Bu, cəmi 2 dəfə baş verib. 2022/23 mövsümündə 2, 2023/2024 mövsümündə cəmi 1 qələbəsi olmuş "Şəki' cari mövsüm artıq 10 qələbəyə sevinib.
Həmçinin, səbətə atılan 1046 xal göstəricisində də "Şəki" liderdir. Ötən tur "Ordu"nu məğlub edən "Şəki" bu göstəricidə məhz "hərbçilər"ə çataraq şərikli liderliyə nail olub. 3-cü belə ən yaxşı nəticə də B qrupunun təmsilçisi "Gəncə"dədir – 1024 xal.
Xal atışında müsbət top fərqi də (1046:876=+170) "Şəki"yə məxsusdur. Maraq üçün bildirək ki, bu göstəricidə "Gəncə" (+148) 2-ci, "Sabah" (+145) 3-cüdür.
Sonda onu da bildirək ki, "Şəki" ötən mövsüm martın 17-də öz meydanında "Sumqayıt"a uduzduqdan sonra ardıcıl 7 ev matçında məğlub olmur. Ötən mövsüm aprelin 14-də "Gəncə" üzərində qələbə (82:73) ilə başlayan bu uğurlu seriya bu mövsüm hələ ki qırılmayıb.
Əgər sabah "Sumqayıt" üzərində qələbə qazanılsa, bu, ardıcıl 9-cu qələbə və ardıcıl 8-ci ev qələbəsi kimi tarixə düşəcək.