Bakıda evdə əvvəlcə partlayış, ardından isə güclü yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində 5 nəfərin xəsarət alması ilə nəticələnən güclü partlayış hadisəsi olub.
Yanğınsöndürənlərə məlumat daxil olub ki, fərdi yaşayış evində yanğın başlayıb. Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Qonşular deyirlər ki, yanıq xəsarəti alanlar dərhal qonşuların və təcili yardımın köməyi ilə xəstaxanalara aparılıblar. Qonşular ehtimal edirlər ki, hadisəyə səbəb qaz sızması olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 210 kv/m olan birmərtəbəli fərdi yaşayış evində, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları 100 kv/m sahədə yanıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Hadisə ilə əlaqədar TƏBİB də açıqlama yayıb.
Bildirilib ki, bu gün saat 04:25 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqadalar cəlb olunub. Xəsarət alan 5 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq mərkəzinə hospitalizasiya olunub. Hazırda 17 yaşlı şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Onların hər biri reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.